"Regionda sülhün olması o dövlətlərin marağına cavab vermir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:14 26.11.2024
Məlumdur ki, Paşinyan sülhə dair açıqlamalar verir. Amma bu açıqlamalara baxmayaraq, o əməldə heç bir iş görmür. Kommunikasiya xətlərinin açılması barəsində də xeyli açıqlamalar verib.
Sülh prosesinin gecikməsində əsas maneələr nədir?
Mövzunu "İnformator.az"a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistanın arxasında duran bəzi dövlətlər Cənubi Qafqazda sülhün və stabilliyin olmasını istəmir:
"Sülh sazişinin imzalanması və qonşuluq əlaqələrinin yaradılması əgər indiyə qədər tənzimlənməyibsə, bu, Azərbaycanın günahı deyil. Ermənistan bu prosesi ləngidir. İndiyə qədər Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları hələ də ləğv olunmayıb. Bu o deməkdir ki, biz sülhə imza atacayıq, onların konstitusiyasında iddialar qalacaq. Bu yolverilməzdir. Biz belə bir formatda heç bir sazişə imza ata bilmərik. Digər tərəfdən, Paşinyan indi özünü sülh göyərçini kimi qələmə vermək istəyir. Görünür, onun arxasında dayanan bəzi qüvvələr ona belə ssenari yazıb və onun belə etməsini istəyirlər. Belə ifadələrin səslənməsi guya sülhün əldə olunması məqsədi daşıyır. Bu istiqamətdə Paşinyan heç bir iş görmür. Kommumikasiya xəttləri açılmır. Müxtəlif problemlər yaranır. Paşinyan hesab edir ki, problemləri Azərbaycan həll etməlidir. Görünən odur ki, Ermənistanı himayə edən bir sıra dövlətlər Cənubi Qafqazda sülhün və stabilliyin olmasına razılıq vermir. Bu regionda sülhün olması o dövlətlərin marağına cavab vermir".
Günel Verdiyeva