Evdə zorakılıq və hüquqi müdafiə
Bölmə: Sosial › ,Tarix: 20:34 28.11.2024
Məişət zorakılığı, bir ailə üzvünün digərinə fiziki və ya psixoloji olaraq zərər verməsidir. Bu, həyat yoldaşları, valideynlər və ya uşaqlar arasında ola bilər. Zorakılıq çox vaxt gizli qalır və insanlar bunu açıq deməkdə çətinlik çəkirlər. Məişət zorakılığı, həm də cəmiyyətin bu məsələni kifayət qədər önəmsəməməsi ilə daha da pisləşə bilir.
Bu barədə hüquqşünas Ayxan Məmmədli "informator.az"a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Azərbaycanda hər il yüzlərlə məişət zorakılığı halları baş verir, lakin bunların çoxu gizli qalır:
"Azərbaycanda məişət zorakılığı hələ də ciddi sosial problem olaraq qalır. Rəsmi statistikalara görə, hər il yüzlərlə zorakılıq halları qeydə alınır, amma çoxu gizli qalır və qurbanlar bunu bildirilmir. BMT-nin məlumatına görə, qadınların 25%-i həyatları boyunca məişət zorakılığına məruz qalır. Zorakılığın fiziki, psixoloji, iqtisadi və cinsi növləri mövcuddur. Bu zaman qurbanlar Daxili İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, “Qaynar xətt” xidmətlərinə, qadın sığınacaqlarına və qeyri-hökumət təşkilatlarına müraciət edə bilərlər".
Hüquqşünas nitqində bu istiqamətdə qanunvericilikdə bir sıra dəyişikliklərin vacibliyini də vurğulayıb:
"Məişət zorakılığının qarşısını almaq üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir. Zorakılığın bütün növləri cinayət kimi təsnif edilməli, təqsirkarlar daha sərt cəzalarla cəzalandırılmalıdır. Eyni zamanda, zorakılıq qurbanlarına hüquqi və psixoloji dəstək verilməli, sığınacaqların sayı artırılmalı və keyfiyyətli xidmətlər göstərilməlidir. Məktəblərdə zorakılıq əleyhinə proqramlar tədris edilməli və kütləvi informasiya vasitələrində maarifləndirmə kampaniyaları aparılmalıdır. Zorakılıq hallarının gizlədilməsinin qarşısını almaq üçün qurbanların məxfiliyi qorunmalı və polisə, sosial işçilərə zorakılıqla mübarizə mövzusunda təlimlər verilməlidir".
Müsahib fikrini belə yekunlaşdırıb:
"Məişət zorakılığı ilə mübarizə yalnız qanunların sərtləşdirilməsi ilə deyil, cəmiyyətin maarifləndirilməsi, qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi və zorakılıq qurbanlarına göstərilən dəstək sistemlərinin inkişaf etdirilməsi ilə də mümkün olacaqdır".
Nuray Qurbanlı