"Gürcüstandakı sabitlik bütün region, o cümlədən Azərbaycan üçün vacib əhəmiyyət daşıyır.."-Politoloq AÇIQLAYIR
Bölmə: Siyasət › ,Tarix: 23:52 29.11.2024
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna təyin olunub.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “informator.az”a açıqlamasında bildirib ki, Gürcüstandakı hazırki müxalifət və hökumətin zidd siyasətləri uzun illədir ki, ölkə daxilində qütbləşməni artırıb:
“Bir neçə ildir ki, Gürcüstanda həm daxili, həm də xarici siyasi strategiyada real dəyişikliklər özünü göstərir. Belə ki, qərbyönümlü prezidentdən fərqli olaraq, ölkədə hökumətin iradəsi sayəsində “Ailə dəyərləri və azyaşlıları qorumaqla” bağlı, eləcə də LGBT-nin təbliğini qadağan edən, eyni zamanda, xarici təsirin aradan qaldırılması ilə bağlı qanunlar qəbul edilib. Gürcüstanda yeni sistemlə keçirilən parlament seçkilərindən sonra, bu ölkədə prezident də ilk dəfə Mərkəzi Seçki Komissiyasının formalaşdıracağı Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Bundan əlavə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək. Həmçinin Avropa İttifaqının da Gürcüstanla vizasız gediş-gəliş rejiminin ləğvinin mümkünlüyünü müzakirə masasına gətirməsi əlaqələrin pisləşməsindən və Tiblisinin xarici siyasətindəki dəyişiklikdən xəbər verir.
Rusiyanın və Qərbin diqqət mərkəzində olan Gürcüstanda keçirilən parlament seçkilərindən sonra qələbə qazanan “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası siyasi müstəqilliyi, sabitliyi rəhbər tutaraq, bu istiqamətdə siyasət yürürdür. Bütün qeyd olunanlar fonunda Qərbin müəyyən sanksiyalarının, təzyiqlərinin və ölkənin daxili işlərinə qarışmaq cəhdlərinin şahidiyik".
" Ölkəmizlə eyni regionda yerləşən və bir sıra mühüm layihələrdə tərəfdaşımız olan Gürcüstanda baş verən hadisələr təbii ki, Azərbaycanda da diqqətlə izlənilir. Bundan əlavə, rəsmi Tbilisinin xarici siyasətinin hansı istiqamətdə həyata keçiriləcəyi Gürcüstanla strateji əməkdaşlığa malik Azərbaycan, həmçinin region üçün də önəmlidir. Ümumilikdə isə Azərbaycan, Gürcüstan və Türkiyənin təhlükəsizliklə bağlı, eyni zamanda, enerji və hərbi sahələri əhatə edən bir sıra formatlarda layihələri mövcuddur",-deyə politoloq sözlərini yekunlaşdırıb.
Fidan Fərhadlı