Ekspert: Neftin qiymətinin artması əmək haqqı, müavinətlər, təqaüdlərin də artırılmasıdır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:01 12.12.2024

Dünya bazarında neftin qiymətlərində davam edən artım son zamanların ən aktual iqtisadi mövzularından biridir. "Brent" markalı neftin qiyməti 73,67 dollar, yüngül neftin isə 70,36 dollar səviyyəsinə çatıb.

Bəs neft qiymətlərinin artmasına səbəb olan əsas qlobal faktorlar hansılardır?

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova "informator.az"a açıqlamasında bildirib ki, Londonun ICE birjasında Brent markalı neft yanvar fyuçerslərinin qiyməti 3%-dən çox artaraq  ilk dəfə bir barel üçün 73 dollar həddini ötüb:

"Bazarlardakı bu artım enerji sektorundakı dəyişən qlobal iqtisadi gözləntilərlə əlaqələndirilir. Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir. Ölkənin ixracının 92.01 faizini neft və qaz təşkil etdiyindən qara qızılın bahalaşması ölkənin milli gəlirinin artması anlamına gəlir. Neftin qiymətinin artması xarici ticarət dövriyyəsinin də artması deməkdir. Büdcənin əsas hissəsi neftdən gələn gəlirlər hesabınadır. Eyni zamanda növbəti il üçün planlanan xərclərinə yenidən  baxılacaq. Neft qiymətinin artması eyni zamanda qeyri neft sektoruna daha çox investisiya yatırımı, əmək haqqı, müavinətlər, təqaüdlərin də artırılmasıdır. Həmçinin valyutanın möhkəmlənməsi, məzənnənin stabilliyini qorumasıdır".

Elnurə Kərimova