Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:44 12.12.2024

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Mixail Podolyak ölkəsinin Rusiya ilə danışıqlara hazır olduğunu bildirib. 

 

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “informator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, Rusiya -Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralından bu günə qədər təxminən 3 ilə qədər keçən müddət ərzində həm Rusiya , həm Ukrayna ilə danışıqlarla bağlı şərtlərdə dəyişiklik olunmayıb:

 

“Bu hələ bəyan edilməyib. Donald Tramp hakimiyyətə gələndən sonra inaqurasiya mərasiminə qədər bu münaqişənin dayandırılması ilə bağlı vədlər verib. 20 yanvara qədər tərəflərin razılığa gəlməsilə bağlı fikirlər də var. Rusiya öz şərtlərini dəyişmək niyyətində deyil, nəzarəti altında olan ərazilərdən çıxmayacağı ilə bağlı mövqe bildirir, Ukraynanın neytral olacağı ilə bağlı vədlər tələb edir. Ukrayna ilə şərtlər, NATO-ya daxil olmaması şərti və Rusiyaya qarşı bloka qoşulmama ilə bağlı şərtlərdir. Ukraynanın ən son şərtləri Rusiyanın onun ərazilərini boşaltmaq tələbi olub. Yalnız bu şərtlər müqabilində Zelenski və onun ətrafında olan səlahiyyətli şəxslər Ukraynanın Rusiya ilə danışıqlara gedə biləcəyi fikrini səsləndiriblər. Proseslərin bu səviyyəyə gəlmədən öncə hələ 2022-ci ildə mart, aprel, may aylarında Türkiyədə keçirilən görüşlər zamanı canlı qüvvə, hərbiçilər , texnika , silah , Ukrayna əraziləri baxımından bu qədər itkilər yox idi. O zaman Türkiyənin vasitəçiliyilə atəşkəsin əldə edilməsi istiqamətində daha böyük ziyanın olmaması şəraitində addımlar atılırdı. Amma qərb ölkələri bu prosesin qarşısını alıblar, müharibənin davam etməsilə bağlı əllərindən gələni etdilər”. 

 

Politoloq Rusiyanın Ukraynaya güzəşt etməsindən də danışıb:

 

“İndiki məqamda Rusiya məlumatlara görə böyük itkilərini gözə alıb, Ukraynaya güzəştə getməsi də realdır. Ukraynanın da Rusiyaya güzəşt etməsilə bağlı hələ ki real addım görülməyib. Amma Zelenski ofisin rəhbəri Mihaylo Podolyakın səsləndirdiyi bu fikirlər bir ilk idi ki, “artıq heç bir şərt dilə gətirmədən Ukrayna danışıqlara hazır olduqlarını” ,- dedi. Bu o deməkdir ki, Donald Trampın planı fəaliyyətə başlayıb. Donald Tramp Fransada “Notre Dame” kilsəsi açılışı zamanı həm Zelenskilə , həm də Emmanuel Macronla görüşdü. Bundan öncə Donald Trampın bu proseslə bağlı mövqeyi də var idi. Donald Tramp görüş zamanı Zelenskiyə özünün tələblərini irəli sürüb və müharibənin davam edəcəyi təqdirdə seçki öncəsi verdiyi vədlərə uyğun olaraq Ukraynaya dəstəyi davam etdirməyəcəyilə bağlı fikirləri səsləndirib. Bu o demək deyil ki, Ukraynaya dəstək göstərilməyəcək və Rusiya istədiyi qədər irəliləyəcək. Bunun müqabilində Rusiyaya da təsir göstəriləcək və əgər döyüşlərdə müharibəni dayandırmasa, artıq dəstəyin fərdi formada Rusiyanı məğlub edə biləcək səviyyədə göstəriləcəyilə bağlı fikirlər də səsləndirəcək. Yəni, bu yolla Donald Tramp həm Rusiyanı, həm də Ukraynanı masaya oturtmağa cəhd göstərir. Məhz bu planın təsiridir ki, artıq Zelenski öz dili ilə olmasa da, öz ofisinin rəhbərinin dili ilə Rusiya ilə danışıqlara hazır olduğunu dilə gətirib. Buna Rusiyanın reaksiyası nə olacaq, bundan sonrakı şərtlər nə olacaq ondan çox şey asılıdır”.

 

Kəmalə Vəliyeva