Kapital yatırımından öncə mütəxəssis yetişdirmək şərtdir!

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:23 13.12.2024

"Hansısa sahəyə investisiya qoymazdan əvvəl həmin sahənin mütəxəssislərini tapmaq vacibdir. Əvvəlki illərdə əsas ehtiyac investisiyaya yönəlirdisə, hazırda əsas çatışmazlıq mütəxəssislərlə bağlıdır".

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova söyləyib. Ekspert diaspor üzvlərinin Azərbaycanda hansı sahələrə daha çox investisiya qoymağa üstünlük verməsindən də bəhs edib:

 

"Bu sahədə müəyyən qədər təcrübəyə malik şəxslərə ehtiyac var, çünki hazırda ölkədə mütəxəssis çatışmazlığı investisiyadan daha çox hiss olunur. Eyni zamanda, hər kəsin biznes plan yazması və ona yatırılan investisiyanın uğursuz nəticələnməsi də ciddi problemdir. Ölkəyə kapitaldan əvvəl “beyin axını”nı cəlb etmək lazımdır. Bununla yanaşı, investisiya yatıran şəxslərin də maariflənməsinə ehtiyac var. “Hansı sahədə pul var?”, “Qoyulan pulu ən qısa zamanda necə artıqlaması ilə götürə bilərəm?” kimi düşüncə tərzləri dəyişməlidir. Müasir və rəqabətə davamlı iş modelləri tətbiq olunmalıdır. Hər sahədə müəyyən çatışmazlıqlar var, buna görə də konkret olaraq “bu sahəyə investisiya yatırılsın” demək mümkün deyil".

 

Günay Hüseynovanın sözlərinə görə, kapital qoyuluşundan əvvəl həmin sahədə təcrübəli mütəxəssislərin hazırlanması zəruridir:

 

"Məsələn, Hollandiyada bəzi özəl şirkətlər tələbələri maliyyələşdirir və müqavilə əsasında onları təqaüdlə, qalacaq yerlə və hətta avtomobillə təmin edir. Bu yolla müəssisələr özləri üçün mütəxəssis yetişdirirlər. Türkiyədə isə bəzi özəl şirkətlər tələbələrə dərslərinə davam etmələri üçün şərait yaradır, dərs saatlarından sonra işə qayıtma imkanı təqdim edir və iş prosesini bilməyənlərə öyrədilir. Belə modellərə Azərbaycanda da ehtiyac var. Əks halda, yeni sahələr açılsa belə, mütəxəssislər xaricdən dəvət olunur. Bu isə iki mənfi nəticəyə səbəb olur: həm yerli vətəndaş işsiz qalır, həm də ölkədə mütəxəssis hazırlanmır".

 

Fatimə Abdulrəhimli