Azərbaycanda startapların uğursuzluq səbəbləri nələrdir?
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:55 16.12.2024
Azərbaycanda startap ekosistemi inkişaf etsə də, maliyyə dəstəyinin çatışmazlığı, təcrübəsiz kadrlar və infrastruktur problemləri bu sahənin qarşısını alır. Gənc sahibkarların uğursuzluğu əsasən bazar tələblərinin düzgün qiymətləndirilməməsi və mentor dəstəyinin azlığı ilə bağlıdır.
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli "informator.az" saytına açıqlamasında bildirib ki, maliyyələşmə məsələsi startapların ən böyük çətinliyidir:
"Startaplara və gənc iş adamlarına uzunmüddətli və aşağı faizli kreditlər verilmir. Onlar riskli sayılır, buna görə də, kreditlər çox yüksək faizlə təklif olunur. Çıxış imkanlarının məhdudluğu investor çatışmazlığına gətirib çıxarır.
Dövlət startaplarla bağlı müəyyən dəstək proqramları və vergi güzəştləri təqdim etsə də, bu, kifayət qədər təsirli deyil. Maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirməyə yönəlmiş yeni bir proqramın yaradılmasına ehtiyac var".
Ekspertin sözlərinə görə, bu problemin həlli üçün qiymətli kağızlar bazarından istifadə etmək mümkündür:
"Məsələn, xaricdə startaplar əvvəlcə səhmdar cəmiyyətinə çevrilir, daha sonra öz ideyalarını satışa çıxararaq maliyyə vəsaiti toplayırlar. Toplanan bu vəsaitlə ideyalarını həyata keçirirlər. Azərbaycanda bu cür mexanizmlərin qurulmasına təcili ehtiyac var. Hesab edirəm ki, ölkədə startapların inkişafı üçün maliyyə mexanizmlərinin yenidən qurulması və investorların cəlb edilməsi vacibdir".
Nuray Qurbanlı