Türk lirəsinin dəyər itirməsi son həftələrdə sürətləndi
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:58 17.12.2024
Dollar həftənin əvvəlində 34 lirə səviyyəsini aşaraq yeni rekord vurdu. Avro isə ilk dəfə 38 lirəni keçdi.
İlin əvvəlindən bu yana TL, dollar və avro qarşısında təxminən 16 % dəyər itirib. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) daha əvvəl tətbiq olunan sərt pul siyasətinin nəticəsi olaraq TL-nin dəyər qazandığını açıqlayıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki ,ilin əvvəlində lirənin dəyəri 30 idi , sentyabr ayında isə 34-ə qalxdı:
"Hazırki dövrümüzdə də 34-ə yaxınlaşır. Lirə ucuzlaşır amma lirənin ucuzlaşması təəccüblü bir məsələ deyil. Hətta mən deyə bilərəm ki , son zamanlarda türk lirəsi ən yaxşı dövrünü keçirir. İlin əvvəlində ucuzlaşsa da bu kəskin deyil, idarə olunacaq şəkildədir. Lirənin ucuzlaşması Türkiyənin iqtisadiyyatının strukturuna bağlıdır. Türkiyənin idxaldan asılı olması burada əsas rol oynayır. Xarici valyutada böyük həcmdə borclanmaları var və bu borclanma ilə əlaqədar valyutaya olan tələb artır. Türkiyədə son 30 ildə davamlı şəkildə lirənin dəyəri düşür. Türkiyə iqtisadiyyatının "elastikliyi və çevikliyi" buna adaptasiya olub. Türkiyə o qədər "çevik"dir ki, iqtisadiyyatda fəaliyyət göstərən şirkətlər də bu prosesə adaptasiya olduqları üçün qərarlarında bu məsələni nəzərə alırlar".
İqtisadçının sözlərinə görə, Türkiyədəki əsas məsələ, lirənin dəyərinin itirməsi yox , iqtisadiyyatın nəzarət altına alınmasıdır:
"Hökumət 2024-cü ilin martından faiz dərəcəsini 50%-ə qaldırıb. İndi isə inflyasiya 42%-ə düşüb. Gözləntilərə görə, faiz dərəcəsi aşağı düşəcək. Bu gözləntilər də türk lirəsinə təsir göstərir. Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğan Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankına bir çox məsələni həvalə etdi. Mərkəzi Bank faizləri 12-13%- dən 50%-ə qədər yüksəltdi. Mərkəzi Bankın tədbirləri lirənin ucuzlaşmasını zəiflətdi, həm də infilyasiyanın aşağı düşməsinə təsir göstərdi. Ona görə də, Mərkəzi Bank lirənin ucuzlaşmasına o qədər də ciddi reaksiya göstərməyəcək. Mərkəzi Bankın hədəfi inflyasiya göstəriciləridir. Mümkündür ki , 2025-ci ildə faiz dərəcəsinin dəyişilməsi ilə bağlı qərar qəbul edilsin. Lirənin ucuzlaşması Mərkəzi Bankın siyasətində ciddi dəyişiklik etməyəcək".
Aygün Babayeva