"Dünya ticarəti və qarşılıqlı iqtisadi inteqrasiya yerli iqtisadiyyata müsbət təsir göstərir"
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:34 17.12.2024
Qlobal ticarət və iqtisadi inteqrasiya müasir dünyada iqtisadiyyatların qarşılıqlı əlaqəsini gücləndirən ən mühüm proseslərdən biridir. Bu proses ölkələr arasında sərhədlərin iqtisadi baxımdan daha açıq olması, sərmayə, məhsul, xidmət və texnologiyanın sərbəst hərəkəti ilə xarakterizə edilir.
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "informator.az"a açıqlamasında qlobal ticarət və iqtisadi inteqrasiyanın yerli iqtisadiyyata mühüm müsbət təsirlər göstərdiyini bildirib:
"Bu əlaqələrin inkişafı yerli istehsalçılara məhsullarını dünya bazarına çıxarmaq imkanı yaradır, nəticədə isə ölkə iqtisadiyyatında güclü inkişaf təmin edilir. Bəzi hallarda, məhsul bolluğu və kommunikasiya çətinlikləri səbəbindən yerli bazarlarda məhsulların satışında problem yaranır və bu da məhsulların tullantıya çevrilməsinə səbəb olur. Lakin yerli istehsalçılar xarici ölkələrlə ticarət əlaqələri qurarsa, artıq qalan məhsulların asanlıqla ixracı mümkün ola bilər. Qarşılıqlı iqtisadi əlaqələr, həmçinin dünya texnologiyalarının mübadiləsini təmin edir. Bu mübadilə tərəfdaş ölkələrə iqtisadiyyatlarını inkişaf etdirmək imkanı verir. Məsələn, Azərbaycandan Avropa ölkələrinə pomidor ixrac edən bir fermer həmin əlaqələr vasitəsilə beynəlxalq bazara çıxma və yeni istehsal texnologiyalarını tətbiq etmə imkanlarına sahib ola bilər. Keçmiş dövrlərdə bu cür əlaqələr olsa da, yerli istehsalçıların xarici bazarlara çıxış imkanları məhdud idi. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının zəif inkişafı olub".
İqtisadçının sözlərinə görə, bu günün istehsalçısı yalnız daxili istehsal prosesini idarə etməklə kifayətlənməməli, eyni zamanda dünya bazarlarında baş verən proseslərə də diqqət yetirməlidir:
"O, beynəlxalq bazarlara çıxış üçün araşdırmalar aparmalı və bu istiqamətdə strategiyalar hazırlamalıdır. Hazırda Azərbaycandan pomidor yalnız Rusiyaya, Gürcüstana və digər MDB ölkələrinə ixrac edilir, lakin Avropa ölkələrinə pomidor ixrac etmək mümkün deyil. Bunun səbəbi isə, yerli məhsulların Avropa ölkələrinin tələblərinə cavab verməməsidir. Qarşılıqlı mübadilə və inteqrasiya Azərbaycan fermerlərinə Avropa standartlarına uyğun məhsul yetişdirmək təcrübəsi qazandıra bilər. Qlobal ticarət və iqtisadi inteqrasiya isə dünya iqtisadiyyatının bütövləşməsinə və inkişafına töhfə verir. Bu bütövləşmə, geridə qalan iqtisadiyyatların sürətlə inkişaf etməsinə şərait yaradır. Azərbaycan bu kontekstdə qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzv olmalı və ölkə iqtisadiyyatını dünya iqtisadiyyatının bir hissəsinə çevirməlidir. Bu, Azərbaycanın iqtisadiyyatının dünyanın qabaqcıl ölkələri ilə birlikdə inkişaf etməsinə imkan yaradacaq".
Çinarə Tarverdiyeva