Azərbaycandan və digər ölkələrdən daşınmaz əmlak alınması

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:24 18.12.2024

Azərbaycandan və xaricdən daşınmaz əmlak almaq üçün əsas qaydalar və proseslər bir qədər fərqli olsa da, hər iki halda diqqət olunmalı məqamlar var.

 

Bəs xarici vətəndaşlar nə üçün Azərbaycandan daşınmaz əmlak alırlar?

 

Bu haqda əmlak eksperti Elnur Fərzəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi şəxslər investisiya kimi, bəziləri isə vətəndaşlıq almaq üçün, oturum icazəsi ilə bağlı Azərbaycandan 100 min manatdan daha baha qiymətə olan daşınmaz əmlak alırlar:

 

“Və hər il onların qiymətləndirilməsi aparılır. Əgər 5 il həmin əmlak Azərbaycanda əmlakdadırsa, 5 ildən sonra həmin xarici vətəndaşlar daimi vətəndaşlıq üçün miqrasiya idarəsinə müraciət edirlər. Həmçinin, Azərbaycan vətəndaşları və digər xarici ölkə vətəndaşları müxtəlif digər xarici ölkələrdən daşınmaz əmlak alırlar. Azərbaycanlıların daşınmaz əmlak aldıqları ən böyük ölkə Rusiya, daha sonra Türkiyə, Avropa və digər ölkələrdir. Statistik rəqəmlərə əsasən ortalama ay ərzində Türkiyədə 100 daşınmaz əmlakı Azərbaycan vətəndaşları alır və Rusiyanın statistikasının dəqiq aparılması mümkün olmasa da, bəzi rəqəmlərə görə Rusiyada 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Və onların çox böyük bir hissəsi həm Rusiya, həm də Azərbaycan vətəndaşlarıdır. Rusiyada yaşayan azərbaycanlılar orada yaşadıqları üçün daşınmaz əmlaklara daha çox həmin ölkələrdə yardım edirlər. Onların böyük hissəsi o ölkələrin vətəndaşları olmaları səbəbilə həmin ölkənin daşınmaz əmlak sahəsinə yatırım etməkdə riskləri olmur. Ümumən baxsaq, hər bir ölkənin müxtəlif qanunları var ki, müxtəlif Avropa və digər ölkələrdə xarici vətəndaşlar daşınmaz əmlak alarkən bəzi limitlər var. Bəzi ölkələrdə təqribi 200-300 min dollar, 500 min dollar civarında əgər o xarici ölkənin daşınmaz əmlakına yatırım edirsə, həmin ölkə o şəxsə vətəndaşlıq verir”.

 

Ekspertin sözlərinə görə, Azərbaycandan vətəndaşlıq almaq niyyəti ilə daşınmaz əmlak alan xarici vətəndaşlar çoxdur:

 

“Eyni zamanda azərbaycanlılardan da digər ölkələrdə vətəndaşlıq almaq üçün daşınmaz əmlak alan insanlar olur. Biz, ümumən baxsaq 2020-ci ildə pandemiya səbəbindən xarici ölkələrlə əlaqələr kəsildikdə artıq xarici ölkələrdən daşınmaz əmlak almış Azərbaycan vətəndaşları çox böyük təşviş içərisində idilər, çünki sərhədlərin nə vaxt açılacağı bəlli deyildi və əmlak sahiblərinin öz əmlaklarına əlçatanlığı demək olar tamamilə qapanmışdı. Sərhədlər açıldıqdan sonra Azərbaycanda yaşayıb, xarici ölkədə əmlak alan şəxslərin böyük hissəsi o əmlakları sataraq həmin əmlakların puluna Azərbaycanda daşınmaz əmlak aldılar. Azərbaycanda xarici vətəndaş əmlak alırsa, mütləq şəkildə çıxarışı olmalıdır, çıxarışı olmayan əmlakı xarici vətəndaş ala bilməz. Bundan əlavə, Azərbaycanda xarici vətəndaş torpaq sahəsi ala bilməz. Lakin hər bir ölkənin daşınmaz əmlakla bağlı qanunvericiliyi fərqlidir. Türkiyə və Rusiyada, qonşu ölkələrdə daşınmaz əmlak alan şəxslər həmin əmlaklarından bəlli bir müddət gəlir götürməsələr də, istər Rusiyada, istər Türkiyədə, onların öz valyutasının dəyərdən düşməsi səbəbindən bu əmlakı satıb yenidən dollar valyutaya çevirib Azərbaycana gətirilməsində ciddi problemlər var. Yaxın, qonşu ölkələrdə daşınmaz əmlakla bağlı ən doğru investisiya Azərbaycandır ki, bizdə dolların qiyməti artıq uzun illərdir stabil olaraq qalıb və daşınmaz əmlak bazarında qiymətlərdə də daimi artımlar müşahidə olunur. O baxımdan, Azərbaycanda xarici vətəndaşlar əmlaklar alır ki, bu əmlakların böyük hissəsi vətəndaşlıq üçün deyil, həmçinin investisiya baxımından alınır, bəlli bir zaman sonra satılıb daha böyük gəlir əldə edilir”.

 

Nərmin Həşimova