Azərbaycanda monopolist şirkətlər
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:14 19.12.2024
Azərbaycanda müəyyən sahələrdə monopolist şirkətlər mövcuddur. Bu, əsasən təbii resursların və strateji əhəmiyyətli sahələrin nəzarətdə saxlanması ilə əlaqədardır.
Bəs Azərbaycanda hansı inhisarçı şirkətlər fəaliyyətdədir?
Bu barədə iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda bir sıra sahələrdə, SOCAR və digər enerji şirkətləri kimi dövlətin inhisarçı şirkətləri var və o sahədə başqa şirkətlər fəaliyyət göstərə bilmir:
“Ümumiyyətlə, dünya praktikasına baxsaq, bizim dövlətin özünün inhisarında saxladığı şirkətlərin bir çoxu, məsələn ,Amerikada SOCAR-dan dəfələrlə böyük neft şirkətləri var və hamısı özəl sektordur, Fransada, Almaniyada, İtaliyada elektrik paylama şirkətləri var. Bir sıra strateji əhəmiyyətli sahələrdə dövlət şirkətinin monopoliya saxlaması, düşünürəm ki, müvəqqəti olmalıdır. Azərbaycan İnvestisiya Holdinqi yaradılanda elan etdilər ki, bu holdinqin əsas məqsədi bir sıra dövlət şirkətlərini özəlləşdirməyə hazırlamaqdır. Özəlləşdirməyə hazırlamaq isə kooperativ idarəetmənin yaxşılaşdırılmasıdır. Amma görünən odur ki, bu sahədə böhranlar və problemlər olanda qismən aktuallaşır, sonra yaddan çıxır. Məsələn, 2016-cı ildə Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədar problem yarananda deyildi ki, 2019-cu ilə qədər özəlləşdiriləcək, özəlləşdirilməyə hazırlanacaq. Artıq 2024-cü ildir və belə məsələ yoxdur. Ümumiyyətlə, dövlətin bank sektorunda öz bankının olması məsələsini inkişaf etmiş ölkələr çoxdan həll ediblər, bu məsələlərdən imtina ediblər və özəlləşdiriblər . Bu məsələlərə baxarkən, monopolist şirkətlərin özəlləşdirilməsinə və üzərində dövlət nəzarətinin formalaşmasına ehtiyac var. Çünki burada zaman-zaman, məsələn, kommunal şirkətlərin qeyri-effektiv ziyanla işlədiyini, şəffaflığın aşağı olduğunu deyirik və cəmiyyət problemlərdən danışır, dövlət özü də bir çox məsələlərdə bunu qeyd edir. Yəni, bu aspektdə işlər görülməlidir”.
İqtisadçının sözlərinə görə, dövlət inhisarçı şirkətlərinin rolunda az-çox SOCAR genişlənməsi var:
“Gürcüstan bazarında, İsveçrə bazarında, Ruminiyada bir sıra benzin stansiyaları işlədir, yaxud konsorsiumlar çərçivəsində Aralıq dənizinə istismar işləri var. Amma digər inhisarçı şirkətlərin hər hansısa beynəlxalq fəaliyyəti haqqında məlumat yoxdur. Ümumi şəkildə Azərbaycanda bu monopolist şirkətlərin səmərəliliyinin artırılması hökümətin çox ciddi hədəfi olmalıdır. Bu cür sahələrdə dövlət sektorlarının çox olması, özəl sektorların birmənalı olaraq inkişafının qarşısını alır, eyni zamanda dövlət resurslarının səmərəli istifadəsi ilə bağlı suallar yaradır”.
Nərmin Həşimova