Rusiya-Ukrayna müharibəsi və Avropanın enerji təhlükəsizliyi
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:35 26.12.2024
Rusiya-Ukrayna müharibəsi artıq üç ildir ki, davam edir və bu münaqişənin səbəblərindən biri də enerji məsələləri ilə bağlıdır.
Bu barədə iqtisadçı Xalid Kərimli "informator.az" saytına açıqlamasında bildirib ki, ABŞ, Avropanın Rusiyadan asılılığının artdığını görərək, bu asılılığı azaltmaq məqsədilə Rusiya ilə Avropa arasındakı münasibətləri pisləşdirdi:
"Bununla yanaşı, Ukrayna müharibəsini və Avropanın təhlükəsizlik məsələlərini ön plana çəkərək, bu prosesi təşviq etdi. Tramp administrasiyası dövründə (2016-2020) Avropanın Rusiyadan qaz alışlarını azaltması və Şimal axını layihəsinin bloklanması məsələlərinə dair bir çox çağırışlar olmuşdu. Buna baxmayaraq, Almaniya ilə Rusiyanın münasibətləri yaxşılaşırdı.
Müharibə başladıqdan sonra ilk addımlardan biri, Şimal axını 2 kəmərinin partladılması oldu ki, bunu heç kim boynuna almadı. Müharibə fonunda, Avropa Rusiyadan qaz alışlarını kəskin şəkildə azaltdı. Müharibədən əvvəl Avropanın qaz təminatının 41-42 faizi Rusiyadan gəlirdi. Bunun böyük hissəsi Şimal axını kəmərləri vasitəsilə çatdırılırdı. Şimal axını 1, Ukrayna üzərindən keçən kəmər və Türk axını layihəsi Avropanın qaz təminatında mühüm rol oynayırdı. Şimal axını 2 layihəsi işə düşəndə, Rusiyanın Avropanın qaz təminatında rolu 50 faizə qədər artacaqdı. Lakin müharibədən sonra, Avropa həm Şimal axını 1 layihəsini dayandırdı, həm də qaz alışlarını digər istiqamətlərdən azaltdı".
İqtisadçının sözlərinə görə, hazırda, Ukrayna qaz tranzitini öz ərazisindən dayandırmağa başlayıb və bu vəziyyət Avropaya, xüsusilə Slovakiya və Macarıstana çətinliklər yarada bilər:
" Bununla yanaşı, Türk axını layihəsi hələ də mövcuddur və Avropaya qaz təminatı üçün əsas mənbəyə çevrilib. Əgər Ukrayna tranziti dayandırarsa, Avropadakı bir sıra ölkələr ciddi enerji çatışmazlığı ilə qarşılaşa bilər. Lakin Avropa, müharibənin təsirlərinə adaptasiya prosesini başa çatdırıb və bir çox ölkələr, xüsusən Fransa, İtaliya və Almaniya, diversifikasiya edərək Rusiyadan asılılıqlarını azaldıblar və ABŞ-dan asılılıqlarını artırıblar.
Görünən odur ki, müharibə yekunlaşsa da, Rusiya ilə Avropa arasındakı münasibətlərin yumşalması ehtimalı var. Həmçinin, qaz qiymətlərinin aşağı olması göstərir ki, Avropa, qaz təminatında ciddi çətinliklər yaşamayacaq. Bu vəziyyət, xüsusən də ABŞ üçün faydalıdır, çünki Avropanın enerji təhlükəsizliyinin artırılması və Rusiyanın iqtisadi təzyiqlərə məruz qalması məqsədinə xidmət edir".
Çinarə Tarverdiyeva