"Tarixi ədəbi-bədii mənbələrinə söykənən heç bir dil təhlükə altında deyil"
Bölmə: Sosial › ,Tarix: 22:50 28.12.2024
Qlobalizasiya dövründə dünya dilləri arasında sürətli inteqrasiya prosesi baş verir. Böyük dillər beynəlxalq ünsiyyətdə üstünlük qazanarkən, kiçik dillər yox olma təhlükəsi ilə üz-üzə qalır. UNESCO-nun məlumatına görə, hazırda dünyada danışılan təxminən 7 min dildən yarısından çoxu itmə riski daşıyır. Texnologiya, media və təhsil sahələrində düzgün strategiyalar tətbiq edilmədikdə, bu dillər mədəni irs ilə birlikdə tarixdən silinə bilər. Bu mövzuda əsas diqqət kiçik dillərin qorunması üçün görülə biləcək tədbirlərə yönəlib.
Bu barədə filologiya elmləri doktoru, dosent Elçin İbrahimov "informator.az" a açıqlamasında danışıb.
O bildirib ki, ədəbiyyat nümunələri olan bir dilin yox olma ehtimalı az, hətta mümkünsüzdür:
“Qloballaşmanın kiçik dillərin yox olmasına təsiri müzakirə mövzusudur. Bir çox dilçi hesab edir ki, dünyanın müxtəlif bölgələrində bir çox dil yox olma təhlükəsi ilə üzləşib. Məsələn, təxminən 15 il əvvəl Monqolustandakı Duxa türklərinin dili təhlükədə olan dillər arasında göstərilirdi. Lakin bu dil hələ də mövcuddur. Müasir texnologiyanın sürətlə inkişafını nəzərə aldıqda, dillərin məhv olacağı fikrini tamamilə əsaslandırmaq çətindir. Çünki zəngin folkloru, ədəbiyyatı, dastanları və bədii yaradıcılığı olan dillərin yox olması, demək olar ki, mümkünsüzdür. Bu dillər tarixi irs və mədəniyyətin qoruyucusu olaraq mövcudluğunu davam etdirir.
21-ci əsrdə texnologiyanın sürətli inkişafı ilə müxtəlif platformalarda saytlar yaradılaraq folklor nümunələri, nağıllar, dastanlar və digər əsərlər həmin dillərdə yayımlanır. Belə bir şəraitdə dillərin məhv olması qeyri-mümkün görünür. Hər hansı bir dilin tarixi əsərlərə söykənməsi onun mövcudluğunu və davamlılığını təmin edir. Məsələn, Azərbaycan dili və digər türk dilləri Orxon-Yenisey abidələri, Manas dastanı, Dədə Qorqud dastanı, eləcə də Nizami, Nəsimi, Əlişir Nəvai, Füzuli kimi klassiklərin əsərləri ilə qorunur. Belə zəngin və möhkəm təmələ malik bir dilin yox olacağını iddia etmək həm məntiqsiz, həm də əsassızdır."
Elçin İbrahimovun sözlərində, dillərin inteqrasiyasına siyasətin təsirini də qeyd edib:
"Bəzi dillər, mövcud olduqları ölkələrdə dominant dillərin təsiri altında inteqrasiyaya məruz qalır və bəzən bu dillər milli və mədəniyyət baxımından ciddi dəyişikliklərə uğrayır. İran, Çin və Rusiya kimi ölkələrdə tətbiq olunan dil siyasətləri buna əyani nümunədir. Bu siyasətlər adətən əhalinin mədəni kimliyini dəyişdirməyi, həmçinin yerli dillərin zəifləməsini və ya yox olmasını təşviq etməyi hədəfləyir. Lakin bu cür siyasətlərin hər zaman uğurlu olduğunu demək çətindir. Məsələn, Çində Uyğur xalqına qarşı tətbiq olunan sərt diskriminasiya və assimilyasiya siyasətinə baxmayaraq, uyğurlar öz dillərini və mədəniyyətlərini qorumağı bacarırlar. Uyğur dili, zəngin folkloru, dastanları, ədəbiyyat nümunələri və elmi araşdırma jurnalları kimi mədəniyyət və sənət sahələri onların dilinin yaşamasına və nəsillərdən-nəsillərə ötürülməsinə imkan yaradır. Həmçinin, müasir texnologiya və internet sayəsində uyğur dilində onlayn platformalar və resurslar yaradılır, bu da dilin qorunmasına və inkişafına böyük təsir göstərir. Bu misallar göstərir ki, dilin yaşaması yalnız siyasi və sosial amillərdən asılı olmayıb, həm də mədəni və ədəbi irsin qorunmasına bağlıdır.
Cənubi Azərbaycanda isə Azərbaycan dilində zəngin folklor və ədəbi irs mövcuddur. Qaşqay və Əfşarların folkloru, musiqiləri, nağılları və ədəbi əsərləri müasir dövrdə sosial şəbəkələrdə və internet saytlarda geniş şəkildə paylaşılır. Bu fəaliyyətlər həmin dillərin və mədəniyyətlərin yaşamasına və inkişafına əhəmiyyətli dərəcədə kömək edir. Beləliklə, müasir texnologiya, xalqın mədəniyyətinə aid olan bu irsin qorunmasına və yayılmasına mühüm təsir göstərir. Eyni zamanda, Rusiyada türk dilləri ilə bağlı tətbiq olunan mətbuat və təhsil qadağalarına baxmayaraq, yerli əhalinin folkloru, ədəbiyyatı və mədəniyyət nümunələri həmin dillərin mövcudluğunu qorumağa imkan verir. Bu nümunələr, dilin yalnız rəsmi siyasət və hüquqi tədbirlərdən deyil, həm də xalqın mədəni irsi və gündəlik həyatda istifadəsindən asılı olaraq yaşadığını və inkişaf etdiyini göstərir".
Müsahib yalnız müəyyən bir tayfanın işlətdiyi dillərin sıradan çıxmasını, dünya miqyasında rəsmi statusa malik dilin yox olması kimi qiymətləndirməyin düzgün olmadığını vurğulayıb:
"YUNESKO-nun statistikası göstərir ki, hər gün yüzlərlə dil yox olma təhlükəsi ilə üzləşir. Lakin bu dillər əsasən pidgin, kreol və ya müəyyən tayfa dilləridir. Okeaniya adalarında və Mərkəzi Amerikada danışılan bu dillər dünya miqyasında heç bir rəsmi statusa və ya geniş yayılmaya malik deyil. Ədəbi nümunələri olmayan və süni şəkildə formalaşan dillərin yox olması təbii bir proses kimi qəbul edilir.
Lakin, tarixi və ədəbi-bədii nümunələri olan dillərin yox olma təhlükəsi ilə üzləşdiyini iddia etmək məntiqsizdir. Dillərin məhvi əsasən statusu və yazılı ədəbiyyatı olmayan tayfa dillərinə aiddir. Ədəbi və tarixi irsi olan dillər isə, qloballaşmanın təsirinə baxmayaraq, öz mövcudluğunu qoruyur və inkişafını davam etdirir. Belə dillər, zəngin mədəniyyətləri və ədəbiyyatları ilə həyatlarını təmin edirlər və bu irs onların yaşamasını təmin edən ən möhkəm dayaqlardır".
Nuray Qurbanlı