Mətbuat tarixi tələbələrin gözü ilə

Tarix: 10:10 16.05.2025
Bakı Dövlət Universitetində mətbuat tarixinin 150 illiyinə həsr olunan "Rəqəmsal media və kommunikasiya" beynəlxalq elmi konfransın son günündə "Mətbuat tarixi tələbələrin gözü ilə" tədbiri baş tutdu.
"İnformator.az" xəbər verir ki, tədbirdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və fakültənin professor-müəllim heyəti, Üsküdar və Ankara Universitetlərinin müəllim heyəti iştirak etdilər.
Tədbir Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin açılış nitqi ilə başladı. O, tədbirin əsas məqsədini deyərək sözü tədbirin təşkilatçısı, "Milli mətbuat tarixi" kafedrasının müəllimi Aygün Əzimovaya verdi. Tədbir təşkilatçısı Aygün Əzimova tədbirin əsas məqsədindən və Azərbaycan jurnalistika tarixindən zənginliyindən danışdı. Azərbaycanın 100-ə yaxın mətbu orqanı olduğundan söz açdı.
Aygün xanım tədbirin əsas məqsədi ilə bağlı çıxışından sonra sözü tələbələrə verdi. Tələbələr mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin tarixindən danışaraq qəzetin bölmələri haqda məlumat verdilər. Ardınca tələbələrdən biri Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin obrazını canlandırdı.
Tələbələr, həmçinin Azərbaycan mətbu orqanlarına aid müxtəlif məruzələrlə çıxışlar etdilər. Tədbirin gedişində "Milli mətbuat tarixi" kafedrasının müdiri, professor, əməkdar jurnalist Cahangir Məmmədov öz nitqi ilə çıxış etdi.
Sonda tədbirin təşkilatçısı Aygün Əzimova çıxış etdi, tədbirin iştirakçılarına və qonaqlarına öz təşəkkürünü bildirdi. Aygün xanım nitqini Şirməmməd Hüseynovun fikirləri ilə tamamladı.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatdı.
Nərmin Həşimova
Kəmalə Vəliyeva