Əmlak bazarında qeyri-yaşayış obyektlərinə olan tələbat

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:21 06.01.2025

Daşınmaz əmlak bazarında daim tələbat olan əmlaklardan biri də qeyri-yaşayış obyektləridir. Qeyri-yaşayış obyektlərinin satış qiymətləri yüksək, alışına və kirayəsinə tələbat isə daim olur. Qeyri-yaşayış obyektləri müxtəlif kateqoriyalara bölünür: istehsal müəssisələri, fabrik-zavod, mağaza, klinika, şadlıq evi və sairə. Daha çox insanların ala biləcəyi əmlaklardan binaların altında yerləşən kiçik həcmli qeyri-yaşayış obyektləri yaxud ayrıca tikili obyektlərə tələbat daha çoxdur. Vətəndaş əlavə pulu varsa, investisiya kimi qeyri-yaşayış obyektlərinə yatırım edir ki, onu kirayə verib hər ay oradan gəlir əldə edə bilsin ”.

 

Bu sözləri “İnformator.az”a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib. 

 

O qeyd edib ki, pandemiya dövründə qapanmalar səbəbindən əksər qeyri-yaşayış obyektləri də qapandı:

 

“ Onlardan işləyən yalnız aptek və marketlər oldu ki, bu tip əmlaklara da pandemiya dövründə tələbat artdı. Əksər qeyri-yaşayış obyektləri həmin dövrdə qapalı olsa da, onların sahibləri əmlaklarını ucuz qiymətə kirayə vermədilər, çünki əmlakların, xüsusən də qeyri-yaşayış əmlaklarının satış qiymətləri onların kirayə qiymətinin 0,5 % nisbətilə ölçülür. Yəni, bir əmlakın icarə qiyməti ayda 5000 manatdırsa, onun satışı 1 milyon manat təşkil edir. Yəni, əgər icarə qiyməti 1000 manatdırsa, satış qiyməti 200 min manatdır. Əgər 200 min manat dəyərində alınan obyekti 1000 manata yox, 500 manata icarəyə versələr, təbii ki, həmin obyektin satış qiyməti də öz dəyərini itirir. O baxımdan əmlak sahibləri həmin dövrdə əmlaklarını bağlı saxlamağa razı oldular, amma ucuz qiymətə kirayə vermədilər ”.

 

Ekspertin sözlərinə görə, bu tip digər obyektlər də ofislərdir:

 

“ Ofislər daha çox yeni binaların 2-ci, 3-cü mərtəbələrində yerləşir ki, onların satış qiyməti aşağı olur, lakin tələbat daimi olur. Ofislər müxtəlif biznes işlərinin qurulması, hazırlıq mərkəzləri kimi istifadə olunur. Ofis kimi obyektlərə tələbat 1-ci mərtəbədə olan obyektlər qədər deyil. Çünki daha çox tələbat sırf 1-ci mərtəbə, yol kənarı olan obyektlər olur. Bakı və ölkənin digər böyük şəhərlərində qeyri-yaşayış obyektlərinə tələbat çox olsa da, digər bölgələrdə bu tip əmlaklara tələbat elə də çox deyil. Tələbatın çox olması insanların iqtisadi vəziyyətinin yaxşı olduğu və kütlənin daha çox olduğu yerlərdədir. Ümumən baxsaq, eyni ölçüdə qeyri-yaşayış obyektinin Bakının hər hansı kənar ərazisində aylıq icarə haqqı 500 manatdırsa, Bakının mərkəz obyektlərində 5000-6000 manat təşkil edir. İcarə haqqı ucuz olan iaşə obyektindəki satılan məhsulların satış qiymətləri də mərkəzdəkindən daha ucuz qiymətə təklif olunur. Çünki onların icarə haqqının aşağı olması həmin obyekti icarəyə götürüb işlədən şəxsi də digər artıq xərclərdən qurtarır ”.

 

Nərmin Həşimova