Tramp hakimiyyətə gələndən sonra Maskın davranışlarının qarşısı alınacaq -ŞƏRH

Tarix: 23:26 10.01.2025
“Donald Tramp dünyanın ən böyük ölkəsinin prezidenti seçildikdən sonra öz ətrafına biznesmenlər və milyarderlər toplamağa başladı. Bu sırada İlon Mask da onun komandasına daxil oldu”.
Bu sözləri politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti daha 9 milyarderə müxtəlif vəzifələr verildi və onların həm təcrübələrindən, həm də imkanlarından istifadə etmək qarşıya məqsəd qoyuldu:
“İlon Mask Trampın seçki kampaniyasında çox fəal iştirak etdi. Bildiyimiz kimi, onun X platforması Trampı dəstəklədi və geniş təbliğat işləri apardı. Hazırda isə İlon Mask dünyanın ən varlı insanıdır.
İlon Mask, Trampın seçilməsinə böyük məbləğdə sərmayə yatırdı və Tramp prezident seçildikdən sonra Maskın aktivləri dəfələrlə artdı, bu da onun üçün böyük bir qazanc oldu. Lakin son dövrlərdə İlon Maskın özünə aid olmayan məsələlərə qarışması həm Avropada, həm də ABŞ-da ciddi narazılıqlara səbəb olub. Bir çox siyasətçi, o cümlədən Norveç rəhbərliyi, onun bu davranışlarını tənqid edib. Norveçin baş naziri İlon Maskın bu cür müdaxilələrinin düzgün olmadığını bildirib. Bundan başqa, o, Almaniya siyasətinə də qarışır və radikal sağçı “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyir və təbliğ edir.
Bütün bunlar, hələ Tramp administrasiyası fəaliyyətə başlamadan, onun ilə İlon Mask arasında müəyyən gərginliklər yaradıb. Nəticədə, şikayətlər və tənqidlər artır, İlon Maskın hərəkətləri daha çox müzakirə olunmağa başlayır. Görünən odur ki, İlon Mask prezident administrasiyasında müəyyən bir mövqeyə yiyələnəcək. Ancaq unutmaq olmaz ki, o, siyasətçi deyil, biznesmendir və başqa ölkələrin daxili işlərinə qarışmaq tamamilə yolverilməzdir.
Gözlənilir ki, yaxın zamanda Tramp ilə İlon Mask arasında fikir ayrılıqları və münaqişələr yaşanacaq. ABŞ-nin yeni seçilmiş Prezidenti ehtimal ki, Maskı öz mövqeyində saxlamağa çalışacaq. Əks təqdirdə, Tramp hakimiyyətə gəlməmişdən əvvəl İlon Maskın dünya siyasətinə daha aktiv şəkildə qarışması, beynəlxalq gərginliklər yaratması və Avropa İttifaqına üzv bəzi ölkələrdə münaqişələrə səbəb olması artıq göz qabağındadır”.
Elşad Həsənov vurğulayıb ki, belə bir vəziyyət normal siyasətdə qəbul edilməzdir və digər ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. İlon Maskın bu addımları artıq həm Avropa İttifaqında, həm də ABŞ mətbuatında ciddi tənqid olunur:
“Onun Trampın villasının yanında ev kirayələməsi, tez-tez Trampın tədbirlərində iştirakı və onların kadr məsələlərinə müdaxiləsi də geniş müzakirə olunur. Bu, iki tərəf arasında sərin münasibətlərin və problemlərin mövcud olduğunu göstərir. Gözlənilir ki, Tramp hakimiyyətə gəldikdən sonra İlon Maskın bu cür davranışlarının qarşısı alınacaq. Çünki bu vəziyyət uzun müddət davam edə bilməz”.
Xanım Ağamalıyeva