Bu günki statistikaya görə, Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:30 22.01.2025
Bu günki statistikaya görə :" Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,64 % azalaraq 82,42 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,37 ABŞ dolları təşkil edib.
Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb".
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan neftinin, ümumiyyətlə, neftin enməsi və qalxması ilə bağlı günlük fikir yürütmək doğru hesab olunmur:
"Ən yaxşı halda bu aylıq, rüblük və yarımillik məlumatların toplanması daha uyğundur. Çünki Azərbaycanda büdcədə neftin qiyməti 70 dollar götürülüb. Və bu günki qiymət o qiymətdən 12-13 dollar bahadır yəni daha yaxşı vəziyyətdir. Ona görə də neftin qiymətinin ucuzlaşması trendi davam edərsə, məsələn ilk rübdə 80 dollardan aşağı düşərsə, ilk 6 ayda 70 dollardan aşağı düşərsə, bu artıq Azərbaycan üçün gəlirlərin azaldılmasında müəyyən problemlər yarada bilər. Ona görə də bir daha qeyd edək ki, neftin qiymətlərinə günlük yox, aylıq, rüblük, 6aylıq baxılması daha məqsədə uyğundur".
İqtisadçı sözlərində, ucuzlaşma halı davamlı olarsa, onun yanacaq növlərinin və ərzaqların qiymətlərinə təsirini də qeyd edib:
" Azərbaycanda yanacaq qiymətlərini dövlət tənzimləyir. Ərzaq qiymətlərində artım var və proqnozlar onu göstərir ki, artım ən azı keçən ilki səviyyədə olacaq. 2025-ci ildə də inflyasiya ən azı 2024-cu il səviyyəsində olacaq. Təəssüf ki, həm Mərkəzi Bankın, həm də digər dövlət qurumlarının statistik gözləntiləri də bu yöndədir. Yəni təqribən 5%-lik ümumi inflyasiya ,6.5%-lik ərzaq inflyasiyası gözlənilir. Bu yöndə gözləntilər var və bununda obyektiv səbəbi ondan ibarətdir ki, Azərbaycan hələ də özü-özünü əsas ərzaq məhsulları ilə tam təmin edə bilmir və xaricdən bu cəhətdən çox aslıyıq. Xaricdəki istənilən qiymət artımları Azərbaycana da təsir göstərir".
Nigar Həsənzadə