Qoyduğu ada görə tənqid atəşinə tutdular!
Bölmə: Siyasət › ,Tarix: 18:44 22.01.2025
Meksika Prezidenti Klaudia Şeynbaum, ABŞ Prezidenti Donald Trampın Meksika Körfəzi ilə bağlı açıqlamalarını tənqid edərək, bu bölgənin Meksika Körfəzi olaraq qalacağını vurğuladı. Şeynbaum, həmçinin ABŞ ilə miqrantlar mövzusunda dialoq qurmaq istəyini dilə gətirdi.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ ilə Meksika arasında uzun müddətdir ki, bir çox problemlər mövcuddur:
"Bayden administrasiyası problemlərə və onların həllinə fərqli istiqamətdə yanaşırdı. O, siyasi nizamlanma variantına üstünlük verirdi. Belə anlaşılır ki, Tramp administrasiyası fərqli istiqamətə yönəlib. İlk növbədə, Meksikaya qarşı daha sərt və radikal addımların atılmasına cəhd göstərilir. Tramp administrasiyasının mövqeyi ondan ibarətdir ki, Meksika və ABŞ-ın quru sərhədləri daha ciddi şəkildə mühafizə olunmalıdır. Meksikadan ABŞ-yə çoxsaylı miqrantların gəlişinin qarşısı alınmalıdır".
Politoloqun sözlərinə görə, ABŞ Tramp administrasiyası dövründə Meksika Körfəzinə tam nəzarət etmək niyyətində olub:
"Hətta onun adının dəyişdirilməsinə yönəlik bəyanatlar verilib. Təbii ki, bunu, Meksika hökuməti müsbət qarşılamayıb. Bu da iki qonşu ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Meksika tərəfinin Tramp administrasiyasına təkliflər irəli sürməsi siyasi sahədə ən doğru addımlardır. Tramp administrasiyasının necə reaksiya bildirəcəyi indilik müəmmalıdır. Müşahidələr onu göstərir ki, qarşıya qoyulan hədəflərin reallaşdırılmasında qətiyyətli və prinsipial davranılacaq. Yaxın gələcəkdə ABŞ ilə Meksika arasında ciddi gərginliklərin olması ehtimalı çox yüksəkdir".
Aygün Babayeva