Tramp-Putin görüşü-sülh, yoxsa yeni gərginlik ?
Bölmə: Siyasət › ,Tarix: 20:37 22.01.2025
“Rusiya Prezidenti Vladimir Putinlə onun üçün əlverişli olan vaxt görüşməyə hazıram”. Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ və Rusiya prezidentlərinin görüşü mühüm əhəmiyyət kəsb edir:
“Çünki görüş olmadan tərəflər öz arqumentlərini və güclü mövqelərini ortaya qoya bilməzlər. Qarşılıqlı olaraq istəklər, iddialar və tələblərin nə dərəcədə real olduğu müzakirə olunacaq. Əgər Rusiya sülh şərtlərini qəbul etməsə, Donald Tramp Rusiyanı hansı çətinliklərin gözlədiyi barədə xəbərdarlıqlar edəcək. Görüşdən əvvəl Tramp açıqlamalar verib və ona görə də belə bir müzakirənin keçirilməsinə ehtiyac var. Görüşdən sonra prosesin hansı istiqamətə yönələcəyi müəyyənləşməlidir.
2022-ci ildən əvvəl və həmin ildə – müharibə başlayanda ABŞ və Rusiya rəhbərlərinin görüşməməsi vəziyyətin bu səviyyəyə çatmasına səbəb oldu. Buna görə də Tramp bu görüşü zəruri hesab edir. Görüş zamanı tərəflər bir-birlərini dinləyəcək, real vəziyyət təhlil ediləcək və qərarlar qəbul olunacaq. Bu görüşün hansı nəticələr verəcəyi ilə bağlı proqnoz vermək hələ tezdir, çünki Rusiya prezidenti öz iddialarından geri çəkilməyəcək. Lakin danışıqlar zamanı müəyyən irəliləyiş əldə oluna bilər. Tramp görüşə getdikdə A və B planlarını da özü ilə aparır”.
Politoloq ABŞ-Rusiya münasibətlərinə də toxunub:
“Üç ildən artıqdır ki, ABŞ-Rusiya münasibətləri gərgin olaraq qalır və dövlətlərarası ciddi danışıqlar aparılmır. Əgər Rusiya prezidenti ABŞ prezidenti ilə görüşdən imtina etməzsə, bu, danışıqlar prosesinin başlandığını göstərər. Rusiya belə bir görüş keçirmək istədiyini bildirib və ABŞ prezidenti də bunu qəbul edib. Görüş baş tutduğu təqdirdə münasibətlərin tədricən formalaşması və inkişafı haqqında danışmaq mümkün olacaq.
Ukrayna məsələsində tərəflərin razılığa gəlməsi isə hələ ki, qaranlıqdır. Hər halda, Donald Tramp danışıqlara əliboş getmir. Əgər Rusiya sülhə razı olmasa, Tramp Rusiyanı hansı tədbirlərin gözlədiyi barədə xəbərdarlıq edəcək. Bu xəbərdarlıqlara Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi və hətta uzaqmənzilli strateji balistik raketlərin Ukraynaya tədarükü daxil ola bilər.
Rusiya özünü qalib hesab etsə də, bu, daha çox “pir qələbəsi” kimi görünür. Çünki 3 il ərzində Rusiya yalnız Donbas vilayəti çərçivəsində hərəkət edib və hələ də Donetsk və Luhanskın inzibati sərhədlərinə tam şəkildə çata bilməyib. Bu, Rusiyanın ciddi itkilər verdiyini və çətinliklərlə üzləşdiyini göstərir. Əgər Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiyanın bütün strateji hərbi obyektləri və hərbi sənaye komplekslərinin istehsal müəssisələri məhv edilə bilər. Bu isə Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər. Rusiyanın bu müharibəni davam etdirmək üçün əsas gəlir mənbəyi kimi hesab etdiyi neft satışı da ciddi sanksiyalara məruz qala bilər. Belə olduğu halda, bu, Rusiya dövlətinin tam çöküşünə səbəb ola bilər”.
Kəmalə Vəliyeva