Mülki və hərbi sahədə dronlar- yaratdığı imkanlar və üstünlükləri nələrdir?
Bölmə: Siyasət › ,Tarix: 21:43 24.01.2025
Dronlar son illərdə həm mülki, həm də hərbi sahələrdə geniş tətbiq olunur. Texnoloji inkişaf səviyyəsində dronlar müxtəlif məqsədlər üçün, o cümlədən nəqliyyat, kəşfiyyat, döyüş əməliyyatları və mülki xidmətlərdə istifadə edilir.
Bu haqqda hərbi ekspert Şair Ramaldanov “İnformator.az”a açıqlamasında bildirib ki, texnoloji sahələrdə hər zaman müəyyən bir inkişaf, axtarışlar və təhqiqatlar olub:
“Və əlbəttə, birinci növbədə hərb sahəsində bunun həm inkişafını, həm rolunu və əhəmiyyətini daha çox görmək mümkündür. XXl əsrin əvvəllərindən dron erası başladı və dronların nə qədər effektiv, çoxməqsədli və hərbi cəhətdən məqsədlərə nail olmasını görmək olur. Hərbdə elə bir sahə yoxdur ki, dronlar onu əhatə etməsin. İlk növbədə, insan faktoru önəmlidir. Yəni, uzaq məsafədən dronların idarə edilməsində insan faktoru önəmlidir. Nəinki dron, hazırda hərbdə uzaqdan idarə olunan texnika və cihazlardan geniş istifadə olunur və sahədə böyük irəliləyiş var”.
Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunan ərazilərdə mina sahələrini təmizləməkdə istifadə olunan uzaqdan mina təmizləyən robotlar da mövcuddur:
“Hətta bu işlərdə dronların tətbiqini İsrail kəşf edib. Dronlarla minaların yerləri müəyyənləşdirilir və kəşfiyyatın məhz dronlar vasitəsilə aparılması mümkün olur. Müxtəlif növ dronlar var, müxtəlif məqsədlərlə istifadə olunur. Kəşfiyyat, müşahidə, atəşi idarəetmə, zərbə dronları(bəziləri onlara kamikadze də deyir) var. Kiçik həcmli və iri həcmli dronlar var. Zaman məsələsinə gəldikdə, 1 saatdan başlayaraq 24 saata kimi fəaliyyət göstərənlər var. Dronlar haqqda çox danışmaq olar. Yəni, bunlar hamısı böyük bir sahəni təşkil edir. Azərbaycan Respublikasında müdafiə sənayesində dronların istehsalı ilə bağlı böyük irəliləyiş var. Bu gün, Ukrayna-Rusiya müharibəsi fonunda dronların nə qədər effektiv olduğunu görürük. Mən deyərdim ki, dronların effektivliyini ilk növbədə, məhz Azərbaycan torpaqlarının işğaldan azad olunduğu Vətən müharibəsində bütün dünya gördü".
Müsahibimiz sözlərində qeyd edib ki, vətən müharibəsindən sonra artıq bu sahəyə diqqət artdı, çox böyük işlər aparıldı:
"Ancaq hər bir silahın tətbiqi, ortaya çıxarılması ilə birinci növbədə, o silahın qarşısını almaq üçün müəyyən tədbirlər yaxud vasitələr paralel aparılmalıdır. Əlbəttə, bu sahədə də texnoloji proseslər gedir. Dronların da qarşısını alan müəyyən cihazlar var. Dronlar bilirik ki, operator vasitəsilə radio dalğalarla idarə olunan uçaq aparatıdır. Belə olduğu halda, müəyyən qurğularla radioelektron mübarizə vasitələri ilə dalğaları pozmaq yaxud həmin dalğalara daxil olaraq həmin dronların idarəetməsi o operatorun əlindən alınaraq demək olar ki, əgər qarşı tərəfin siqnalı daha güclüdürsə, məhz o dronları idarə edə bilər. Hətta o dronları qarşı tərəf öz sahəsinə endirə bilər. Bunların da qarşısını alan müxtəlif texnikalar var. Bunlar daşınan, stasionar və təkərli yaxud digər texnikanın üzərində olan radioelektron mübarizə vasitələridir və orada məhz anti-dron qurğuların quraşdırılması. İndi anti-dron qurğuları artıq döyüş texnikasında da quraşdırılması istiqamətində müəyyən addımlar atılır. Ukrayna-Rusiya müharibəsində isə biz, hətta balaca bir pəncərədən texnikanın lükun içərisinə həmin o dronların yerləşdirilməsi ilə qumbaranın atması və yaxud mərminin atmasını müşahidə edirik. Əlbəttə, dronlara qarşı olan mübarizə vasitələrinin inkişafı istiqamətində daim kəşflər aparılır. Məsələn, bir dron, 30-40 dronu idarə edərək hədəfə yönəldə bilir və ona görə də bu sahədə çox böyük inkişaf var. Hərbi sahədə olan inkişaf mülki sahəyə də öz təsirini göstərir. Bu gün, dronlar mülki sahədə də istifadə olunur və düşünürəm ki, gələcəkdə bu vasitələr yeniliklərə və inkişafa səbəb olacaq. Mən deyərdim ki, müasir dronlar digər sahələrdə də inteqrasiya olunurlar. Yükdaşıma, müşahidə, idarətmə, nəqliyyatın idarə edilməsi, meşə yanğınlarının kəşfiyyatında, cinayətkarların aşkarlanmasında və bu kimi digər mülki sahələrdə də dronlardan istifadə olunur.
Texnoloji inkişaf nəticəsində yeni dronlar, pilotsuz uçuş aparatlar haqqında məlumatlar alacağıq. Azərbaycan müdafiə sənayesi Türkiyə, İsrail, Pakistan ilə birgə hərbi sənaye kompleksləri ilə çox sıx əməkdaşlıq edirlər. Azərbaycan dronları başqa-başqa ölkələrə ixrac olunur”.
Nərmin Həşimova