AB Suriya ilə yeni bir səhifə açır-Sanksiyalara şərtli yumşalma

Tarix: 19:49 28.01.2025
Avropa İttifaqı (AB) Suriya ilə yeni bir səhifə açır. Brüsseldə bir araya gələn AB xarici işlər nazirləri Suriyaya qarşı 14 ildir tətbiq edilən sanksiyalardan bəzilərini yumşaltmaq qərarı qəbul ediblər. Nazirlərin üzərində razılaşdığı yol xəritəsinə əsasən, ilk mərhələdə enerji, aviasiya və maliyyə sahələrindəki sanksiyalar yumşaldılacaq. AB xarici işlər nazirlərinin toplantısından çıxan yol xəritəsi siyasi prinsip qərarı xarakteri daşıyır.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Suriyanın indiki müvəqqəti hakimiyyəti ilə AB-nin arasındakı münasibətlərin nizama salınması vacibdir.
"Çünki uzun illik məhrumetmələr, sanksiyalar Suriyanı elə bir duruma gətirib ki, öz xalqından əlavə digər aidiyyəti dövlətlər, qonşu xalqlar da bundan əziyyət çəkib. Odur ki, bu sanksiyaların tam aradan qalxmasına ehtiyac var. Lakin Qərb bunun tam aradan qalxmasına hələ hazır deyil. İndiki Suriyanın çox da tez dirçəlməsini onlar istəmir. Çünki Suriyanın Türkiyəyə sıx bağlı zəmində inkişaf etməsi Qərbi də narahat edir. Danışıqlar və münasibətlərin nəticəsində onlar da öz maraqlarını təmin etməyə çalışırlar və təmin edildikcə Suriyaya qarşı yumşalacaqlar.
Hazırda sözügedən yol xəritəsinin əsas prinsipləri birtərəfli yox, ikitərəfli müəyyən olunmalıdır. Hələlik təhlükəsizlik və terrorla mübarizə, digər tərəfdən isə müəyyən şərtlər irəli sürülə bilər. Eyni zamanda, maliyyə sanksiyalarının yumşaldılması Suriyanın bərpası üçün önəm kəsb etdiyi üçün ilkin mövzu bu ola bilər. Enerji, aviasiya sahəsində sanksiyaların aradan qalxması da Suriya üçün vacibdir. Çünki quruculuq işləri və əhalinin yerlərinə qayıtması üçün Suriyaya digər dövlətlərin dəstəyinin çatdırılması zəruridir".
Politoloqun sözlərinə görə, AB ilə Suriyanın münasibətləri inkişaf edəcək:
"Bəzilərinin ehtimal etdiyi kimi indiki Suriya hakimiyyəti heç də radikal yaxud tərəqqi edən dünyadan özünü təcrid edəcək bir məfkurəyə sahib deyil. Sadəcə milli və dini dəyərləri müasir formada, xalqın iradəsinə uyğun şəkildə özündə ehtiva edəcək. Lakin müasir dünya ilə tam və hərtərəfli əlaqələrə, münasibətə nail olacaq. Suriyanın AB ilə münasibətləri həm dağılmış və çökmüş ölkənin yenidən qurulmasına, həm də itirilmiş nüfuzuna fayda verəcək, yenidən bərpa edəcək. Hakimiyyətin etibar qazandığı dövrdən başlayaraq digər tərəddüddə olan dövlətlər də Suriya üçün investisiya yatıra bilər.
Suriyanın inkişafı və təhlükəsizliyi Türkiyə üçün əhəmiyyətli dərəcədə faydalıdır və bunun müsbət təsirləri Azərbaycan üçün də hiss olunacaq. Sanki bu dövlətlər yeni bir dost dövlət, yeni bir güc qazanırlar.
AB və digər beynəlxalq təşkilat və qurumlarla Suriya hakimiyyəti arasında qurulacaq əlaqələr, hesab edirəm ki, sanksiyaların aradan qalxmasına gətirib çıxaracaq və bu da ölkənin hərtərəfli inkişaf etməsi deməkdir.
Bir çox Qərb dövlətləri hazırda Suriyaya böyük maraqla yanaşır. Çünki Suriyada iranyönlü diktator rejiminin çöküşü, eyni zamanda Rusiyanın oradakı təsirlərinin neytrallaşması Qərb dövlətləri üçün də arzu edilən idi. Bunu bir fürsət kimi qiymətləndirənlər təbii ki, münasibətlərin qurulmasında maraqlı olacaqlar. Hətta Əfqanıstandakı mühafizəkar Taliban hökuməti ilə də barışıb yeni münasibətlər qurmağa doğru addım atan Qərb, şübhəsiz ki, Suriyanın daha mülayim hökuməti ilə daha sıx əlaqələr qura bilər. Türkiyənin də himayəsi və dəsti-xətti ilə, hazırkı Suriya liderlərinin də səyləri nəticəsində sanksiyaların tədricən aradan qalxmasının şahidi olacağıq. Bir çox perspektivli nəticələri isə danışıqlar, qarşılıqlı razılaşmalar və gedişat göstərəcək. Belə məsələlərdə qabaqcadan konkretlik müəyyən etmək doğru olmazdı".
Aygün Babayeva