"Azərbaycanda kriptovalyutalara müəyyən qadağaların tətbiqini təqdir edirəm"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:37 29.01.2025

Kriptovalyuta rəqəmsal pul növüdür və mərkəzləşdirilməmişdir. Son illərdə maliyyə sahəsində böyük dəyişikliklər yaradıb. Kriptovalyutaların üstünlükləri olduğu kimi riskli tərəfləri də var.

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli  "informator.az"a açıqlama verib.

 

"Kriptovalyutalar çox çevik ödəmə imkanlarına malikdir. Öz sahibinə müəyyən qədər gəlir gətirən valyutadır. Bu valyutanın nə hansısa dövlətə, nə də hansısa banka bağlılığı yoxdur. Azad kriptovalyutaların heç bir dövlətə və banka bağlılığı yoxdur. Həmin kriptovalyuta sahibləri istədikləri an işığı açardan bağlayan kimi o kriptovalyutanı bağlayıb çıxıb gedə bilər. O kriptovalyutalar altında olan bank hesablarındakı vəsaitləri mənimsəyə bilər. Kriptovalyuta nə qədər çevik, rahat ödəniş aləti olsa da, çox ciddi risklərə malikdir. İndiki geosiyasi vəziyyətin çox qısa müddətdə dəyişdiyi bir zamanda bu cür kriptovalyutalara ölkə iqtisadiyyatında fəaliyyət üçün geniş imkanlar yaratmaq, ona hüquqi səlahiyyətlər vermək  hesab edirəm ki, düzgün deyil”.

 

O bildirib ki, hazırda dünyada kriptovalyutaların etibar qazandığı dövrdür:

 

"Hələ heç bir kriptovalyuta müştərisini demək olar ki, aldatmayıb. Ən azı mən eşitməmişəm. Amma kriptovalyuta sahiblərinin müştərilərini aldatmaq, onları müflis etmək imkanı mövcuddur. Ona görə də azad kriptovalyutalara səlahiyyət vermək, onların ölkədə azad fəaliyyət göstərmələrinə imkan yaratmaq vətəndaşların bu cür aldadılma risklərini göz altına almaqdır, belə risklərə geniş qucaq açmaqdır. Bu baxımdan Azərbaycan hökumətinin müəyyən qadağalar tətbiq etməsini təqdir edirəm”.

 

İqtisadçı həmçinin mərkəzi banklara bağlı olan rəqəmsal valyutaların daha etibarlı olduğunu vurğulayıb:

 

"Bir məsələ var ki, milli valyutalar özləri ölkənin mərkəzi banklarına bağlı olan kriptovalyutalar buraxmağa başlayıb. Azərbaycanda da bu layihə işləyir. Mərkəzi banklara, beynəlxalq banklara, beynəlxalq maliyyə qurumlarına bağlı olan kriptovalyutalar etibarlıdır. Tanınır ki, bu, Azərbaycan Mərkəzi Bankının kriptovalyutasıdır. Yəni manatın virtual formasıdır. Heç bir dövlətə, banka bağlı olmayan kriptovalyutaların riski böyükdür”.

 

Səkinəbəyim Cəfərova