Tıxaca görə yeni yollar çəkiləcək-Ekspertdən ŞƏRH
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:35 29.01.2025
AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə Prezident İlham Əliyevə məruzəsində vahid, əlaqələndirilən, inteqrasiya olunan nəqliyyat planından danışıb.
Bəs tıxacların qarşısının alınmasına dair plana əsasən ediləcək dəyişikliklər nələrdir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "İnformator.az"a açıqlamasında bildirib ki, yeni proqram yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaqla şəhər mobilliyini artıracaq:
" Bakı və ətraf ərazilərdə tıxacların sayını azaldacaq. Bu proqramın əsas məqsədi yol infrastrukturunu yaxşılaşdırmaq və optimallaşdırmaq üçün yeni yolların çəkilməsidir. Yol ötürücüləri, körpülər və tunellər inşa ediləcək. Bəzi "dar boğaz" yollar genişləndiriləcək və yeni yollar salınacaq. Paralel olaraq, ictimai nəqliyyat da optimallaşdırılacaq və inkişaf etdiriləcək. Yeni avtobus və dəmir yolu marşrutları təşkil olunacaq. Bildiyimiz kimi, tramvay yollarının çəkilməsi ilə bağlı məlumatlar mövcuddur və yeni tramvay xətləri salıncaq. Həmçinin, yeni metro depoları və stansiyaları inşa ediləcək. Bütün bu addımlar yol-nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, Bakı və ətraf ərazilərdə tıxacların azalmasına da xidmət edəcək".
Ekspert sözlərində dövlət proqramının nə zaman başlayacağı və nə vaxt yekunlaşacağı ilə bağlı məlumatın olmadığını da qeyd edib:
" Yəqin ki, bu məsələlər layihələndirilmə işləri yekunlaşandan sonra dəqiq bəlli olacaq".
Aslanova Fatimə