Azərbaycanda əməkhaqqı və qiymət artımı-Gəlirlər xərclərə çatırmı?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:01 05.02.2025

"Son dövrlərdə minimal əməkhaqqının 55% artırılması müəyyən qədər gəlirlərin yüksəlməsinə səbəb ola bilər. Lakin eyni zamanda ölkədə qiymət artımları da müşahidə olunmaqdadır".

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Toğrul Vəliyev söyləyib. Ekspert Azərbaycanda orta maaşən insanların əsas ehtiyaclarını qarşılamaq üçün kifayət edib etməməsindən də bəhs edib:

 

"Azərbaycanda rəsmi statistikaya əsasən orta aylıq əməkhaqqı təxminən 997 manat təşkil edir. Lakin bu göstərici ölkədəki real iqtisadi vəziyyəti dəqiq əks etdirmir. Belə ki, əhalinin böyük bir hissəsi, xüsusilə də muzdlu işçilərin əksəriyyəti bu rəqəmdən xeyli aşağı maaş alır. Rəsmi statistik göstəricilər əsasında aparılan təhlillər göstərir ki, ölkədə əməkhaqqının əsasən 500 manat civarında formalaşdığı müşahidə olunur. Digər tərəfdən, muzdlu işçilərin yalnız təxminən 15%-i 1000 manat və daha yuxarı maaş əldə edir. İqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması üçün əsas faktor dayanıqlı iqtisadi artımın təmin olunmasıdır. Lakin Azərbaycanda iqtisadi artım əsasən dövlət investisiyalarına, xüsusilə tikinti sektoruna yönəlmiş investisiyalara əsaslanır. Dövlət investisiyalarını çıxmaqla aparılan təhlillər göstərir ki, ölkədə qeyri-neft sektorunda və özəl sektorda nəzərəçarpacaq iqtisadi artım müşahidə olunmur. Əgər dayanıqlı iqtisadi artım təmin olunsaydı, bu, yeni iş yerlərinin yaradılmasına, əməkhaqqı səviyyəsinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə gətirib çıxarardı".

 

Toğrul Vəliyevin sözlərinə görə, rəsmi statistik göstəricilərə əsasən, son aylarda ərzaq məhsullarının qiymət artımı daha da sürətlənib:

 

"Əgər əvvəlki dövrdə illik inflyasiya səviyyəsi 1-3% aralığında idisə, ilin son iki ayında bu göstərici 5%-ə qədər yüksəlmişdir. Yanvar ayında kommunal tariflərin artırılması qiymət artımına əlavə təzyiq yaradır ki, bu da gələcək dövrlərdə inflyasiyanın sürətlənməsi riskini artırır. Nəticə etibarilə, əməkhaqqı artımı inflyasiyaya uyğun gəlmədiyi üçün real gəlirlərin yüksəlməsi baş vermir və əhali gəlir çatışmazlığı ilə üzləşməyə davam edir".

 

Fatimə Abdulrəhimli