Kredit kartlarından istifadənin genişlənməsi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/7121848_6.jpg)
Tarix: 18:45 10.02.2025
Azərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Onların istifadəsi düzgün idarə olunarsa, maliyyə rahatlığı təmin edə bilər, amma nəzarətsiz istifadəsi ciddi borc problemlərinə səbəb ola bilir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a verdiyi açıqlamasında bildirib ki, son dövrlər bankların kredit portfelinə nəzər yetirdikdə görürük ki, 2023 və 2024-cü illər ərzində kredit portfeli 18% artıb:
" 2024 -cü ildə verilən kreditlərin strukturlarında da istehlak kreditləri əvvəlki illərlə müqayisədə 1,5 milyard manat artıb və ümumi artım faizi 22%-dən qismən çoxluq təşkil edir. İpoteka və biznes kreditlərinin artım sürətinin üstələyir. Amma ümumi şəkildə bankların kredit portfelinin ümumi daxili məhsula nisbətinə nəzər saldıqda vəziyyətin kritik olmadığını görürük. Kredit portfelinin tərkibində yer alan problemli kreditlərin çəkisi və dinamikasıda ölkə maliyyə sistemi üçün risk yaradacaq səviyyədə deyil. Kredit kartların istifadəsinin genişlənməsində hal-hazırda böyük problemlə üzləşmə riski yoxdur. Əhalinin nominal gəlirləri artması fondunda kredit kartlarından istifadə də artıb".
İqtisadçının sözlərinə görə, kredit kartlarının istifadəsinin genişlənməsi son dövrlər ölkənin iqtisadiyyatında şəffaflaşma və rəqəmsallaşma ilə əlaqəlidir:
" Hökümət müxtəlif layihələr həyata keçirməklə- ödənişlərdə ədv faizi , keşbeklər, bonusların olması insanların kartlardan istifadəyə maraqlı olmasına şərait yaradıb.
Kredit kartlarının limitinin müəyyənləşdirilməsi fonunda banklar ciddi sürətdə requlyatatorun məhdudiyyətləri çərçivəsində fəaliyyət göstərir. Banklar insanların gəlirlərini nəzərə alaraq həmin insana kredit kartlarından istifadə şəraiti yaradır. Vətəndaşın çoxlu borclar alması xüsusən daxili kreditlər və lombardlar dövlətin qeydiyyatına düşməyən borclar alması onu çətin vəziyyətə salır. Hər hansı bir şəxsin borclarının çoxalması kredit kartlarının istifadəsi ilə bağlı deyil, şəxsin özünün çoxlu borc alması ilə əlaqəlidir".
Məryəm Zaliyeva