Azərbaycanın “regional güc” olmaq prespektivi-İqtisadi və siyasi güclənmə üçün real imkanlar

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:11 12.02.2025

 

Azərbaycanın siyasi və iqtisadi arenada əldə etdiyi uğurlar onun regionda güc mərkəzinə çevrilmək istiqamətində inamla irəlilədiyini göstərir.

 

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan hazırda regionda söz sahibi ölkələrdən biridir, vətən müharibəsindən sonra atdığı addımlar, həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, bir çox sahədə gördüyü işlər bunu bir daha sübut edir:

 

"Azərbaycanın geostrateji mövqeyi, karbohidrogen ehtiyatları və digər təbii sərvətləri ölkənin bu mövqeyini daha da gücləndirir. Həmçinin həyata keçirilən daxili və xarici siyasət Azərbaycanı beynəlxalq arenada nüfuzlu və etibarlı tərəfdaş kimi ön plana çıxarır. Azərbaycanın geostrateji mövqeyi onun həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməsini təmin edir. Bununla yanaşı, ölkə uzunluğu 3500 kilometrdən artıq olan Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır. Azərbaycan 2027-ci ilə qədər Avropanı 20 milyard kubmetr qazla təmin etməyi hədəfləyir. Hazırda Azərbaycan altı Avropa ölkəsinə qaz tədarük edir, lakin 2025–2026-cı illərdə bu sayın ən azı 10-a çatdırılması planlaşdırılır. Bu istiqamətdə Azərbaycan siyasi, iqtisadi və ticari sahələrdə mühüm addımlar atır, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri imzalayır".

 

O, əlavə edib ki, Azərbaycanda inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və yaradılmış Ələt Azad İqtisadi Zonası ölkənin iqtisadi inkişafına və regionda söz sahibi olmasına töhfə verən mühüm layihələrdəndir:

 

"Müasir texnologiyaların və innovasiyaların tətbiqi istiqamətində də ciddi işlər görülür. Azərbaycan transmilli şirkətlərin və kommersiya qurumlarının ölkəyə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Azərbaycan 2030-cu ilə qədər Cənubi Qafqazın və regionun ən güclü ölkələrindən birinə çevrilmək yolunda inamla irəliləyir. Regional güc olmaq üçün əsas göstəricilərdən biri də ümumi daxili məhsulun (ÜDM) və adambaşına düşən gəlirin artmasıdır. Ölkədə həyata keçirilən iqtisadi və ticari layihələrin həcmi artır, xarici investisiyaların cəlb olunması baxımından mühüm irəliləyişlər əldə edilir. Məsələn, son iki il ərzində Azərbaycana daxil olan xarici investisiyalar 10–20 dəfə artmışdır. Bu faktlar göstərir ki, Azərbaycan seçdiyi inkişaf strategiyası çərçivəsində uğurla irəliləyir".

 

Aydan Quliyeva