“Kadinin gəlişi “Səbail” ilə matçda özünü əyani şəkildə göstərdi...”

Bölmə: İdman › ,
Tarix: 19:50 12.02.2025

"Qarabağ” Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. 

 

Ağdam təmsilçisi buna “Səbail”ə 5:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XXII turunun oyununda nail olub.

 

Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “informator.az”a açıqlamasında bildirib ki, "Qarabağ" hazırda Azərbaycan Premyer Liqasının, sözsüz ki, ən güclü komandasıdır:

 

“Amma o demək deyil ki, bu kimi komandaların büdrəməsi reallaşmaz. "Qarabağ"da da 2 tur bu geriləməni gördük. Əsas narahatedici məqam isə “Ağdam” klubunun qış transfer pəncərəsi dövründə olan səssizliyi idi. Sükut isə Kadi ilə pozuldu. "Köhlən atlar" sabiq yarımmüdafiəçisini heyətə cəlb etməklə ən doğru həmləni reallaşdırdılar. Kadinin gəlişi elə məhz "Səbail" ilə matçda özünü əyani şəkildə göstərdi. Uzaqdan məhz "sambaçılar"ın stilistikasına uyğun ötürməsi, başla fərqlənməsi Kadinin gəlişinə "harada qalmışdıq?" ritorik sualını verdirdi. Amma bununla iş bitmir. Komanda çempionluq yolunda irəliləyir. Bu heyət haradasa, Azərbaycan Premyer Liqasında mübarizə aparmağa yararlı olsa da, Avropa səhnəsində əskikləri ilə diqqət çəkə bilər. Komanda yeni mövsüm irəli getmək, uğur qazanmaq istəyirsə, heyəti tamamilə optimal formalaşdırmalıdır. Bunun üçün də əsas vəzifə baş məşqçi Qurban Qurbanova düşür. Onun seçimləri 90% özünü doğruldur. Bundan sonra da belə olacaq. İrəlidə çoxlu tur var. "Qarabağ" iddialı davam edərsə, mövsüm sonunda kuboku yenə də “Ağdam” klubu futbolçularının əlində görəcəyik. Bütün Premyer Liqa iştirakçılarına uğurlar arzulayıram”. 

 

Kəmalə Vəliyeva