Şahin Bağırov: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalını minimuma endirib"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:33 13.02.2025

Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirilməsinə və vergi nəzarətinin gücləndirilməsinə mühüm töhfə verib.

 

Bu barədə iqtisadçı ekspert Akif Nəsirli "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, vergi sisteminin rəqəmsallaşdırılması insan faktorundan qaynaqlanan səhvləri aradan qaldırır:

 

"Vergi sisteminin rəqəmsallaşdırılması vergi xidmətindəki səhvləri minimuma endirir. İnsan faktorundan qaynaqlanan səhvlər, məsələn, vergi xidməti əməkdaşlarının yanlışlıqları, rəqəmsal sistemdə demək olar ki, aradan qalxır. Elektron sistem vətəndaşlarla vergi xidməti əməkdaşları arasında birbaşa təmasları tamamilə ləğv edir. Artıq əksər vətəndaşın smartfon telefonu var və bu cihazlar vasitəsilə vaxtaşırı vergi ödənişləri və hesabatlarla bağlı bildirişlər alırlar. Bu bildirişlər vergi ödəyicilərini vergilərini vaxtında ödəməyə təşviq edir və onlarda bu istiqamətdə müəyyən bir yaddaş formalaşdırır.

Vergiləri ödəməkdən yayınanlar üçün isə əlavə cərimələr tətbiq olunur. Bu cərimələr və məhkəmə yolu ilə alınan ödənişlər vətəndaşları öz öhdəliklərini vaxtında yerinə yetirməyə tənbeh edir. Digərləri isə bu nümunədən dərs alaraq vergilərini gecikdirmədən ödəməyə başlayır. Beləliklə, bu sistem vergi ödəmə mədəniyyətinin formalaşmasına və vergi sisteminin daha ciddi qəbul edilməsinə şərait yaradır".

 

Ekspertin sözlərinə görə, bu tədbir vergidən yayınanların sayının azalmasına səbəb olub:

 

"Əvvəllər vergidən yayınanların sayı daha çox idisə, artıq həm təbliğat vasitələri, həm də rəqəmsal vergi sisteminin tətbiqi sayəsində bu hallar azalıb. Məsələn, həftədə bir-iki dəfə bank hesablarını yoxlayan vətəndaşlar orada yaranmış vergi öhdəliklərini dərhal görə bilirlər. Bunun nəticəsində vətəndaşlar bilirlər ki, gecikmə halında ödənişlərinə faizlər əlavə olunacaq və daha çox xərcə düşəcəklər. Bu səbəbdən də vergilərini vaxtında ödəməyə üstünlük verirlər.

 

Ümumiyyətlə, rəqəmsal vergi sisteminin əsas üstünlükləri bunlardır: vergilərin hesablanmasında səhvlərin aradan qaldırılması, vergi ödəyicilərinin maarifləndirilməsi və onların vergi ödənişləri ilə bağlı məlumatlarının yenilənməsi. Bu, nəticə etibarilə həm vətəndaşların, həm də vergi xidmətinin işini asanlaşdırır".

 

Nuray Qurbanlı