“Donald Trampın gəlişi Avropa İttifaqı - Gürcüstan münasibətlərinə də təsir göstərəcək”-Gürcüstan prezidenti

Bölmə: Siyasət › ,
Tarix: 17:59 18.02.2025

Son illərdə Gürcüstanla ABŞ və Avropa İttifaqı (Aİ) arasında münasibətlər kifayət qədər gərgin olub.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "informator.az"a açıqlamasında bildirib ki, Gürcüstanla Qərb, o cümlədən ABŞ arasında münasibətlərin kəskinləşməsi üç il öncəyə təsadüf edir:


"O zaman Bayden administrasiyası və Avropa İttifaqı Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını tələb edirdi. Gürcüstan bu avantüraya getmədiyi üçün tərəflər arasında münasibətlər gərginləşməyə başladı. Xüsusilə də Gürcüstanın qəbul etdiyi “Xarici təsirlərin şəffaflığı” və LGBT-lərlə bağlı qanun Qərblə münasibətlərin ciddi şəkildə korlanmasına səbəb oldu. ABŞ administrasiyası və Avropa İttifaqı küçə etirazları vasitəsilə hakimiyyəti dəyişməyə çalışsalar da, buna müvəffəq ola bilmədilər. Seçkilər yolu ilə bu prosesi həyata keçirmək istədikdə isə Gürcü Arzusu partiyası 26 oktyabrda keçirilən seçkilərdə qələbə qazandı. Bunun ardından tərəflər arasındakı gərginlik hələ də davam edir".

 

Politoloq bildirib ki, baxmayaraq ki, Gürcüstan müəyyən addımlar atacağı ilə bağlı anonslar verir və xüsusilə də xarici təsirlər və LGBT ilə bağlı qanuna yenidən baxıla biləcəyini bildirir, hazırda ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib:

 

"Tramp administrasiyasının bu məsələlərlə bağlı mövqeyi bəllidir və artıq müvafiq sərəncam da imzalanıb. Bu baxımdan, əgər Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər olarsa, bu, Gürcüstanla münasibətlərə də təsir göstərə bilər. Qafqaz ölkələrinin gözləntisi odur ki, Bayden administrasiyasının ideoloji baxımdan qeyri-dost münasibət bəslədiyi Azərbaycan və Gürcüstana qarşı yeni administrasiyanın siyasətində dəyişikliklər olmalıdır. Məncə, bu məsələdə ilk addım məhz Qərbdən, o cümlədən ABŞ-nin yeni administrasiyasından gəlməlidir. Çünki münasibətlərin pozulmasının əsas səbəbkarı Gürcüstan hakimiyyəti deyil. Artıq yeni administrasiya hakimiyyətə gəlib və onların Amerikanın Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün Azərbaycan və onun strateji tərəfdaşı olan Gürcüstanla münasibətləri normallaşdırması vacibdir. Bu iki ölkə Qərbin Orta Asiya ilə bağlantısını təmin edən körpü rolunu oynayır. Bu baxımdan düşünürəm ki, yeni administrasiya qarşıdakı dövrdə bu məsələlərlə bağlı öz mövqeyini ortaya qoyacaq”.

 

Aydan Quliyeva