HƏMAS cümə axşamı günü dörd israilli girovun, Kfir və Ariel Bibas adlı iki azyaşlının cəsədlərini təhvil verəcəyini açıqlayıb.

Bölmə: Dünya › ,
Tarix: 22:12 18.02.2025

Qrup şənbə günü isə üç girovun əvəzinə altı sağ girovu azad edəcək. Bu barədə HƏMAS-ın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya açıqlama verib.

 

İsrail Baş nazirinin ofisi çərşənbə axşamı günü Qahirədə aparılan danışıqlar nəticəsində “dörd öldürülmüş girovun” cümə axşamı, “altı sağ girovun” isə şənbə günü azad olunması ilə bağlı razılaşmanın əldə edildiyini təsdiqləyib.

 

Bundan əlavə, gələn həftə daha dörd öldürülmüş girovun İsrailə təhvil verilməsinin gözlənildiyi bildirilib.

 

Daha sonra çərşənbə axşamı günü Girov və İtkin Düşən Ailələri Forumu şənbə günü azad ediləcək altı israilli girovun adlarını açıqlayıb.

 

"Girov və İtkin Düşən Ailələri Forumu şənbə günü Eliya Kohen, Tal Şoham, Omer Şem Tov, Omer Venkrat, Hişam əl-Seyid və Avera Menqistunun geri qayıdışını dərin sevinc hissi ilə qarşılayır", – deyə forumun açıqlamasında bildirilib.

 

"Sevdiklərimizin cəsədlərinin cümə axşamı geri qaytarılacağı xəbəri bizi darmadağın etsə də, onların evlərinə dönməsinə görə böyük bir rahatlıq hiss edirik", – açıqlamada əlavə olunub.

 

Forumun sözçüsü bildirib ki, azad ediləcək bütün girovların – həm sağ, həm də öldürülmüş olanların ailələrinə bu barədə məlumat verilib.

 

İsrailin əvvəllər olduğu kimi, azad ediləcək israillilər qarşılığında fələstinli məhbusları buraxacağı gözlənilir.

 

Bu, Bibas uşaqlarının – 2023-cü ilin oktyabrında oğurlandıqları zaman müvafiq olaraq cəmi doqquz aylıq və dörd yaşında olan uşaqların öldüyünə dair ən açıq göstəricidir.

 

İsrail hələ onların ölümünü təsdiqləməyib və HƏMAS-ın bu açıqlaması ilə bağlı rəsmi şərh verməyib.

 

CNN

Nuray Qurbanlı