Ferrarinin F1 bolidi ilk testində azarkeşlərdən böyük alqış aldı

Tarix: 21:47 19.02.2025
Ferrari, 2025 F1 bolidini test edən dördüncü komanda oldu və İtaliyadakı Fiorano yollarında ilk dövrələrini atdı.
Ferrarinin 2025 F1 bolidinin ilk görüntüləri yayımlandı – Leclerc yolda, Hamilton isə debütə hazırlaşır.
Ferrarinin 2025 F1 bolidinin ilk testindən görüntülər və fotolar paylaşılıb. Charles Leclerc İtaliyanın Fiorano yolunda bolidi sınaqdan keçirərkən azarkeşlər onu coşqu ilə qarşılayıblar. Komandanın yeni transferi Luis Hamiltonun da tezliklə SF-25 sükanı arxasına keçəcəyi gözlənilir.
Dünən Londonun O2 Arenasında yeni bolidlərin təqdimatı keçirilsə də, Ferrari testlərə başlayan dördüncü komanda oldu.
Təəccüblü deyil ki, bolidin əsas rəngi yenə də qırmızıdır. Keçən ildən bəri müzakirələrə səbəb olan mavi HP loqotipləri hələ də üzərindədir, lakin mühərrik örtüyündəki diqqətçəkən ağ zolaq azarkeşləri bir qədər təəccübləndirib. Ferrari həmçinin bəzi dizayn detalları gizlətmək üçün render şəkillərində "Photoshop"dan istifadə edib.
Yolda əsas hədəf isə daha önəmlidir – Ferrari 2008-ci ildən bəri ilk çempionluğunu qazanmağa çalışır. Ötən mövsüm Mclarenin qarşısında konstruktorlar titulunu əldən verən Maranello komandası, Hamiltonun gəlişi ilə yeni mövsümdə çempionluq uğrunda iddialı olmağı hədəfləyir. 7 qat dünya çempionu olan britaniyalı sürücü isə Ferrari-dəki ilk mövsümündə 8-ci titulunu qazanmaq istəyir.
Mənbə: RN365
Aytac Mustafayeva