Bələdiyyələr və dotasiya problemi-Vətəndaş niyə narazıdır?

Tarix: 19:26 21.02.2025
"Dotasiya dövlət büdcəsindən əvəzsiz olaraq dövlət subyektlərinin büdcəsinə və yerli büdcələrə ayrılan maliyyə vəsaitidir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova söyləyib. Ekspert dövlətin Azərbaycanda əsasən hansı sahələrə dotasiya ayırmasında da bəhs edib:
"Dotasiyanın məqsədi həmən qurumların gəlir və xərclərini tənzimləmək məqsədi daşıyır.Dotasiyaların ayrıldıgı müxtəlif sahə və qurumlar var. Burada məqsəd iqtisadi inkişafa, sektorda inkişafa nail olmaqdır. Dotasiyaların ən çox ayrıldığı və bununla da ən çox şikayət olunan sektor bələdiyyələrdir. Bu gün vətəndaşlar bu qurumun fəaliyyətindən narazıdır, bələdiyyələr isə dotasiyalardakı tarazlıqdan,həmişə standart eyni bələdiyyəyə dotasiya ayrılmasından narazıdırlar. Dövlət dəstək göstərsə də, nəticədə hansı inkişafın baş verdiyi sual altındadır. Bu gün vətəndaş bələdiyyəyə müraciət etdikdə ya müxtəlif qurumlara yönləndirilir, ya da ən yaxşı halda büdcədə vəsaitin olmadığı cavabını alır. Bəs ayrılan dotasiya hara gedir? Ümumiyyətlə, bu sahədə ciddi audit yoxlamaları aparılmalı, korrupsiya halları varsa, onların qarşısı alınmalıdır".
Günay Hüseynovanın sözlərinə görə, bu gün əksər vətəndaş nə bələdiyyənin harada yerləşdiyini, nə də sədrinin kim olduğunu bilir:
"Ayrılan dotasiyanı aidiyyatı üzrə istifadə edən qurumlarda var. Prosesin şəffaf keçirilməsi üçün ilk növbədə vətəndaşa hesabat vermək lazımdır. Necə ki, seçkilər zamanı fərdi şəkildə seçici səsləri toplanır və qurumların akt zallarında maarifləndirmə tədbirləri təşkil edilir, eyni şəkildə aylıq hesabatların da təqdim edilməsi vacibdir. Dotasiya dövlət büdcəsi hesabınadır, dövlət büdcəsinin də əsas hissəsi vətəndaşın ödədiyi vergilər hesabınadır. Buna görə də hesabat vətəndaşa təqdim olunmalıdır. Xüsusilə regionlarda mövcud vəziyyət daha da kritik xarakter daşıyır".
Fatimə Abdulrəhimli