Ölkədə qaz qəbulu maksimum həddə çatıb-“Azəriqaz”

Tarix: 16:48 24.02.2025
Ölkə ərazisində havanın kəskin soyuq və qarlı keçməsi səbəbindən fevralın 23-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazın qəbulu operativ məlumata əsasən rekord həddə - 50,6 milyon kubmetrə çatıb. Son günlər ölkə ərazisində müşahidə olunan kəskin soyuq hava şəraiti qaz istehlakında ciddi artıma səbəb olub.
Mövzu ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev "informator.az"a açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq, ölkədə qaz tələbatını tam şəkildə qarşılamaq imkanına malikik. Topdan satış bazarından tələb olunan miqdarda qaz əldə edirik və bu prosesdə heç bir çətinlik yaşamırıq:
"Havanın kəskin soyuması ilə əlaqədar qaz istehlakı artıb. Bununla bağlı biz tələbata uyğun şəkildə qazın abonentlərə fasiləsiz çatdırılmasını təmin edirik. İstər məişət, istərsə də sənaye abonentləri üçün qaz təchizatı normativlərə uyğun həyata keçirilir ki, KOM və digər qaz qurğularının istifadəsində hər hansı problem yaranmasın".
O bildirib ki, fevralın 23-də qaz istehlakı rekord həddə—50,6 milyon kubmetrə çatıb. Bu ciddi rəqəmdir, lakin “Azəriqaz” olaraq biz bu artımı nəzərə alaraq qazın mərhələli və ehtiyatlı şəkildə paylanmasını təmin edirik:
"Əməkdaşlarımız havanın temperaturunu daima izləyir və qazın təzyiqini hava şəraitinə uyğun tənzimləyir. Bütün bu proseslər diqqətlə nəzarətdə saxlanılır və abonentlər üçün heç bir problem və ya təhlükə yaranmır. Gündəlik monitorinq aparılır və ehtiyac yarandıqda qaz təzyiqi tələbatla uyğunlaşdırılır. Qaz təchizatında hər hansı problem yaşanmır, hər şey tam nəzarət altındadır".
Aydan Quliyeva