Panik atak nədir?-Öhtəsindən necə gəlmək olar?

Bölmə: Sosial › ,
Tarix: 22:16 26.02.2025

Panik atak, birdən-birə başlayan və çox güclü qorxu və ya narahatlıq hissi ilə müşayiət olunan bir vəziyyətdir. Bu ataklar adətən bir neçə dəqiqə ərzində zirvəyə çatır. Panik atak zamanı insan ürək döyüntüsünün artması, tərləmə, titrəmə, nəfəs darlığı, başgicəllənmə, sinə ağrısı, mədə bulantısı və nəzarət itkisi kimi fiziki simptomlar yaşaya bilər.

 

Bu barədə psixoloq Elmir Əkbər “İnformator.az”a açıqlamasında deyib ki, günümüzdə ən geniş yayılan problem panik atak, təşviş, həyəcan pozuntularıdır:

 

“ Panik atak əsasən psixoloji və vegetativ simptonlarla gedən bir xəstəlikdir. Panik atak zamanı insanlara qəfildən təşviş, həyəcan və ölüm qorxusu gəlir. Panik atak zamanı insanlarda əsasən ölmək, iflic olmaq, şüurunu itirmək qorxusu olur. Əgər panik atak keçirən şəxs yenidən bu halı keçirməyini gözləyirsə artıq bu panik pozuntu adlanır.

Panik atak zamanı insanlarda ürək döyüntüsünün artması, təzyiqin qalxması, nəfəs çatışmamazlığı, baş gicəllənmə, ürək bulanma, qaytarma kimi hallar müşahidə olunub. Panik atakın ən birinci səbəbkarı xəstəlikdən sonra düzgün müalicənin alınmamasıdır. Panik pozuntu nevroloji bir xəstəlik deyil. Xəstəliklərin 10- cu beynəlxalq təsnifatında nevroloji xəstəliklər “G” kodu ilə gedir. Panik pozuntu isə depressiya, kompulsiv pozuntu, təşviş pozuntusu kimi hallar psixoloji problemlərin “F” koteqoriyasında gedir. Bunun isə bir mənalı açıqlaması buradadır ki, panikatak xəstəlik deyil, psixoloji haldır. Bəzi həkimlər xəstələrə düzgün təşhis qoymur və bu zaman xəstə dərmanlardan asılı vəziyyətə düşür. Panik atakın müalicəsi dərmanlar deyil, psixoterapiyadır”.

 

Müsahibimiz qeyd edib ki, panik atakdan qurtulmağın yolu düzgün psixoterapevt müalicəsidir:

 

“ Panik atak zamanı insanlar özləri özlərinin psixoloqu olmalıdır. Panik atak xəstələri ondan qurtulmaq üçün sağlam həyat tərzi sürməli, gündə 8-9 saat yatmalı, idmanla məşğul oxumalı, düzgün qidalanmalı, aktiv həyat tərzi sürməlidir. O şəxslər əsasən ətraflarındakı neqativ düşüncəli pessimist insanlardan uzaq olmalıdırlar. Və ən əsası uşaqlıqdan yaranan travmalardan qurtulmalıdırlar”.

 

Asiman Vəliyeva