Mətbuat azadlığı və insan hüquqları-Jurnalistlərin təhlükəsizliyi və media mühiti

Bölmə: MEDİA › ,
Tarix: 22:23 28.02.2025

Mətbuat azadlığı, demokratik cəmiyyətlərin əsas prinsiplərindən biridir və bu azadlıq həm fərdi hüquqların qorunmasını, həm də cəmiyyətin inkişafını, şəffaflığını və cavabdehlik anlayışını təmin edir. Hər bir jurnalistin sərbəst və obyektiv fəaliyyət göstərməsi, insan hüquqlarının pozulmasının qarşısını almaq baxımından da vacibdir. Lakin dünya miqyasında mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi ciddi təzyiqlərlə üzləşir.

 

Bir çox ölkələrdə dövlət və qeyri-dövlət aktorları jurnalistlərin fəaliyyətini məhdudlaşdırmağa, manipulyasiya etməyə və hətta onları təhdid etməyə çalışırlar. Bu cür təzyiqlər yalnız mətbuatın azadlığına deyil, ümumilikdə insan hüquqlarına da təhlükə yaradır. Bu da onu göstərir ki, beynəlxalq jurnalistikanın gündəmində mətbuat azadlığı, jurnalistlərin üzləşdiyi çətinliklər və insan hüquqlarının əks olunması mühüm mövzular sırasındadır.

 

Mətbuat azadlığı, məlumatın sərbəst yayılması və jurnalistlərin müstəqil şəkildə fəaliyyət göstərməsi hüququdur. Bu prinsipi beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Ümumi Bəyannaməsi və Avropa İnsan Haqları Məhkəməsi dəstəkləyir. Lakin bir sıra ölkələrdə bu azadlıq praktik olaraq məhdudlaşdırılır. Dövlət nəzarətinin güclü olduğu yerlərdə jurnalistlər sərbəst fəaliyyət göstərə bilmir və mətbuat müstəqilliyinə iqtisadi maraqlar, dövlət siyasətləri və cəmiyyətin digər qüvvələri təsir edir. Nəticədə media yalnız müəyyən güc strukturlarının maraqlarına xidmət edir və informasiyanın obyektivliyi prinsipi gözlənilmir.

 

Mətbuatın sərbəstliyi yalnız qanunlarla deyil, iqtisadi müstəqilliklə də sıx bağlıdır. Media qurumları hökumətlərin, şirkətlərin və ya digər güc mərkəzlərinin təzyiqlərinə məruz qala bilər. İnkişaf etməkdə olan ölkələrdə media qurumları məhdud maliyyə mənbələrindən asılı olduqda, obyektivlik də müəyyən maneələrlə üzləşir. Sərbəst medianın olmaması isə dövlətlərin ictimaiyyətə doğru informasiya verməsinin qarşısını alır ki, bu da şəffaflığın azalmasına gətirib çıxarır.

 

Jurnalistlər yalnız informasiya yaymaqla kifayətlənmir, həm də insan hüquqları pozuntularını sənədləşdirərək geniş ictimaiyyətə çatdırırlar. Bir çox ölkələrdə hökuməti və güc strukturlarını tənqid edən jurnalistlər təzyiqə, həbsə və hətta fiziki təqiblərə məruz qalırlar. Bu da onların həyatı üçün müəyyən riskə səbəb ola bilir. 

 

Beynəlxalq hüquq jurnalistlərin təhlükəsizliyini qorumaq üçün müəyyən mexanizmlər təklif etsə də, bu tədbirlər həmişə yetərli olmur. “Reporters Without Borders” və “Committee to Protect Journalists” kimi təşkilatlar jurnalistlərin hüquqlarını müdafiə etməyə çalışır. Beynəlxalq qanunlar isə ifadə azadlığını təmin etməyə və dövlətlərin məsuliyyətini artırmağa yönəlib.

 

Sosial media və internetin inkişafı yeni müstəqil jurnalistlər və blogerlər üçün innovativ imkanlar açsa da, hökumətlərin sosial media üzərində nəzarəti artırması ifadə azadlığını məhdudlaşdırır. İnternet informasiya axınını sürətləndirsə də, eyni zamanda yanlış məlumatların yayılmasına da səbəb ola bilər. Buna görə də sosial medianın tənzimlənməsi üçün beynəlxalq qaydalar və etik standartlar formalaşdırılması labüddür.

 

Beynəlxalq jurnalistika qlobal informasiya mübadiləsində mühüm rol oynasa da, senzura, siyasi təzyiqlər, fiziki və kiberhücumlar jurnalistlərin fəaliyyətini çətinləşdirir. Bunun qarşısını almaq üçün beynəlxalq jurnalistlər şəbəkələri yaradılır, həmçinin müəyyən müdafiə mexanizmləri tətbiq edilir. Bu şəbəkələr jurnalistlər arasında informasiya və təcrübə mübadiləsini asanlaşdırmaqla yanaşı, onların peşəkar bacarıqlarını artırır və riskli bölgələrdə çalışan media nümayəndələrinə dəstək verir.

 

Kibertəhlükəsizlik bu müdafiə sistemlərinin əsas komponentlərindən biridir. Jurnalistlərin məlumatları şifrələnmiş sistemlər və qabaqcıl texnologiyalarla qorunur. Bundan əlavə, təzyiq altında olan media işçiləri üçün psixoloji dəstək və hüquqi yardım proqramları da mövcuddur.

 

Beynəlxalq təşkilatlar və hökumətdən kənar qurumlar jurnalistlərin müdafiəsi üçün strategiyalar hazırlayır və informasiya azadlığını qorumaq üçün xüsusi standartlar müəyyənləşdirirlər. Bu baxımdan müstəqil media nümayəndələrinin təhlükəsizliyi təmin edilməli və qlobal həmrəylik artırılmalıdır. Güclü müdafiə mexanizmləri jurnalistlərin işini həm daha təhlükəsiz, həm də səmərəli edir. İnformasiya azadlığının qorunması isə cəmiyyətin obyektiv və dürüst məlumat əldə etməsini təmin edir.

 

Beynəlxalq mətbuat azadlığı və jurnalistlərin hüquqları insan hüquqlarının qorunmasında mühüm rol oynayır. Jurnalistlər yalnız informasiya ötürücüləri deyil, həm də insan hüquqları pozuntularının qarşısını almaq, cəmiyyətin demokratik inkişafına töhfə vermək və dövlətlərin cavabdehlik hissini artırmaq üçün vasitəçilərdir. Lakin əksər ölkələrdə jurnalistlər hələ də təzyiqlərlə üzləşir və hətta həyatları təhlükə altına düşür.

 

Bu reallıq bir daha sübut edir ki, mətbuatın azadlığı yalnız qanunlarla deyil, həm də cəmiyyətin iqtisadi və siyasi strukturlarından asılıdır. Beynəlxalq təşkilatlar mətbuatın sərbəstliyini qorumaq və jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa davam etməlidir. Dövlətlər və cəmiyyətlər isə mətbuat azadlığını təhdid edən amillərə qarşı mübarizə aparmalı və jurnalistlərin sərbəst fəaliyyətini dəstəkləmək üçün hüquqi və praktiki mexanizmləri inkişaf etdirməlidirlər. Bu, yalnız mətbuat üçün deyil, eləcə də vətəndaşların informasiya əldə etmək hüququnun qorunması baxımından da vacib faktor hesab edilir. 

 

 

Aytac Bəhruzqızı