MİQ-də şəhid ailələrinə güzəşt -Ekspert rəyi

Bölmə: ,
Tarix: 20:29 11.08.2025

Azərbaycanda təhsil sahəsində şəhid ailələrinə xüsusi güzəştlər və üstünlüklər tətbiq olunur.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki,bu, müəllimlərin işə qəbulu imtahanında (MİQ) nəzərdə tutulan güzəştlərdir və qanunvericilik, eləcə də müvafiq nazirliyin qərarları ilə tənzimlənir:

 

"Şəhid ailə üzvləri müsabiqə qaydalarına uyğun olaraq əlavə üstünlüklər əldə edir və keçid balını topladıqları halda işə qəbul oluna bilirlər. Əslində, bu şəxslərin sayı çox deyil – 40 nəfəri keçmir. Bu, dövlətin onlara minnətdarlıq ifadəsi kimi, sosial ədalət və humanist yanaşma nümunəsi kimi qiymətləndirilir. Lakin burada bərabər rəqabət mühitinin pozulması məsələsi də ortaya çıxır. Yəni, şəhid ailə üzvlərinin müsabiqəyə digər namizədlərdən üstün şəkildə buraxılması müəyyən risklər yaradır. Təhsil sahəsində kompetensiyaları zəif olan namizədlərin daha yüksək göstəricilərə sahib namizədlərin yerini tutması təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu da ictimai narazılıq yaradır və ədalətlilik prinsipinə zidd hesab olunur. Məsələn, iki namizəddən biri 80-90 bal topladığı halda qəbul olunmursa, digəri isə 40 bal toplayıb şəhid ailəsi statusu sayəsində qəbul olunursa, bu, “haqqım yeyildi” hissini yaradır və peşəkarlıq prinsipini zədələyir. Düşünürəm ki, şəhid ailə üzvlərinə güzəşt tətbiq etmək olar, amma kiminsə haqqını tapdalamadan. Məsələn, onlara fərqli formada əməkhaqqı təyin edilə, məişət şəraiti daha da yaxşılaşdırıla bilər. Bu üstünlüklər, məsələn, məktəblərdə yardımçı vəzifələrə qəbul zamanı tətbiq oluna bilər. Amma sırf şəhid ailəsi üzvü olduğu üçün aşağı bal toplasa da, müəllim kimi işə qəbul olunması ədalət prinsipinin pozulmasıdır və təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Eyni məntiqlə, Dövlət İmtahan Mərkəzində 200-dən az bal yığan şəxs, statusundan asılı olmayaraq, hüquqşünas ola bilməz. Ancaq şəhid ailəsinin üzvüdür deyə ödənişsiz təhsil alması şansı yaranır ki, bu, çox yaxşı və dəstəklənəsi bir təşəbbüsdür. Amma müəllim kimi işə qəbulda bu cür üstünlük verilməsinin mən də əleyhinəyəm".

 

Nigar Həsənzadə