Zaxarova: Rusiya nümayəndələrinin ABŞ danışıqçıları ilə görüşü bu gün keçiriləcək

Tarix: 21:01 13.03.2025
Bunu RF Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarəsi RF ilə sərhədi keçib.
Martın 12-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Uitkoff bu həftə Moskvaya gedərək Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə edəcək.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, ABŞ və Ukrayna arasında əldə olunmuş anlaşmalar Kremldə ciddi narahatlıq yaradıb:
"ABŞ-Rusiya müzakirələrində böyük ehtimalla ABŞ və Ukrayna arasında əldə olunmuş razılaşmaların məzmunu müzakirə oluna bilər. Çünki Kremlin Ağ Evdən əsas tələblərindən biri məhz bu məsələdən ibarətdir. Kreml Ukrayna ilə aparılan müzakirələrin detalları barədə məlumat almaq istəyir və bu səbəbdən Ağ Evə müəyyən tələblər irəli sürür.
Belə görünür ki, ABŞ-Rusiya görüşündə 30 günlük atəşkəs məsələsi və ABŞ-nin Ukraynaya təhlükəsizlik təminatı verib-verməyəcəyi də ciddi müzakirə mövzusuna çevrilə bilər. Çünki ABŞ və Ukrayna arasında əldə olunmuş anlaşmalar Kremldə ciddi narahatlıq yaradıb. Buna görə də Rusiya rəsmiləri həm atəşkəs təklifini qəbul etmədiklərini bildirirlər, həm də ABŞ və Ukrayna arasında əldə olunmuş razılaşmaların nəticələrini qəbul etməkdən imtina edirlər.
Bu da o deməkdir ki, son vaxtlar ABŞ və Rusiya arasında olduqca ciddi problemlər yaranmağa başlayıb və bu problemlər hətta Trump-Putin sövdələşməsini belə poza bilər. Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə və Ağ Ev ilə Kreml arasındakı ziddiyyətlər qarşıdurma həddinə çatarsa, bu, Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Çünki ABŞ Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı hədəflərinə çatan zaman Rusiyanın bu prosesi pozmasına imkan vermək niyyətində deyil".
Politoloqun sözlərinə görə hazırda Kreml ciddi seçim qarşısında qalıb:
"Əgər Kreml sülh prosesinə və Ukraynanın təbii sərvətlərinin istismarına mane olmağa çalışarsa, ABŞ böyük ehtimalla Ukraynaya verdiyi hərbi dəstəyi indikindən daha yüksək səviyyəyə çatdıracaq və bununla da Rusiyanı daha da zəiflətməyə çalışacaq. Yəni hazırda Kreml ciddi bir seçim qarşısındadır.
ABŞ ilə anlaşmaları ləğv edərək qarşıdurma mərhələsinə keçmək, faktiki olaraq, Rusiyanın gələcəyini böyük risk altına atmaq deməkdir. Kremlin ABŞ-nin maraqları ilə hesablaşması isə daha az itki ilə bu prosesdən çıxmaq şansı yarada bilər. Rusiyanın hansı seçimi edəcəyi isə böyük ehtimalla yaxın vaxtlarda tədricən aydınlaşacaq".
Nuray Qurbanlı