Ermənistan Sülhə Yaxınlaşır: Mirzoyan Açıqlama Verib

Bölmə: Siyasət › ,
Tarix: 21:04 13.03.2025

Ermənistanın xarici işlər naziri Mirzoyan sülh müqaviləsi ilə bağlı danışıb. Onun sözlərinə görə Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci bəndinə cavab göndərib. ‘’Sülhün qurulması üçün İrəvanın mövqeyi Bakı ilə uyğundur. Ermənistanın razılaşmanın imzalanması və ratifikasiyası ilə bağlı Azərbaycanla bütün məsələləri müzakirə etmək imkanı olacaq. Biz sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxınıq. Müqavilə Cənubi Qafqazda sülh və sabitliyin ən möhkəm sütunlarından biri olacaq’’-deyə o bildirib. Layihənin həm də Azərbaycanla razılaşdırılan məsələlərin, danışıqların və razılaşmalarının tamamladığı söyləyib. Demarkasiya prosesinə toxunaraq onunla bağlı əldə edilən ratifikasiyanı da vurğulayıb. 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, hər bir halda, Mirzoyanın çıxışlarını müsbət yöndə dəyərləndirmək olar:

 

"Mirzoyanın bu səviyyədə pozitiv danışması göstərir ki, Ermənistan Azərbaycanın tələb etdiyi şərtlərlə razıdır. Sülh mətnində yer alan 2 məqam razılaşdırılmamışdı: Beynəlxalq iddialardan əl çəkməkdir ki, bu işdə səlahiyyətli Kirokosyan idi. Onun vəzifədən getməsi istefa kimi göstərilsədə, Nikol Paşinyanın tələbi ilə olduğu bəllidir. Çünki Kirokosyan beynəlxalq məhkəmələrdə Azərbaycan əleyhinə olan iddialardan əl çəkməyin tərəfdarı deyildi, əksinə, iddiaların daha da böyüməsi tərəfdarı idi. Digər məsələ üçüncü tərəfin Azərbaycan-Ermənistan sərhədindən çıxarılması idi. Çünki Azərbaycan üçüncü qüvvələrin sərhəddə olmasının əleyhinədir. Fevral ayında Ermənistan növbəti 2 illiyə bu Aİ missiyasının fəaliyyətini artırdı. Maraqlıdır ki, fevral ayında bu məsələ razılaşdırıldıqdan sonra Mirzoyan bəyan edir ki, bu məsələ də müzakirə mövzusu ola bilər. Çox maraqlı məqamdır, çünki bu yöndə artıq qərar verilib. Demək ki, bəzi məsələlər var ki, bu məsələlər olduğu təqdirdə, Ermənistan müşahidə missiyasının ortadan qaldırılması məsələsinə də imkan görür. Belə olarsa, mövqelər yaxınlaşar, ən azından çərçivə sazişinin imzalanmasına şərait yaranar. Çünki Paşinyan cəmiyyətin bir qrup üzvləri ilə konkret görüşlər keçirir və bu görüşlərdə yeni Ermənistan Konstitusiyasından danışır. Konstitusiyanın layihə mətninin tez bir zamanda cəmiyyətə təqdim olunacağını bildirib. Bu həqiqəti özündə əks etdirirsə, çox ciddi məqamdır. Azərbaycanın əsas tələbi Azərbaycana qarşı olan ərazi iddialarının konstitusiyadan çıxarılması ilə bağlıdır. Əgər belə bir şey olarsa, referendum keçirilib, konstitusiya qəbul olunarsa, sülhün önündə əngəl qalmayacaq. Hər bir halda, Mirzoyanın çıxışlarını müsbət yöndə dəyərləndirmək olar".

 

Siyasi şərhçi onu da qeyd edib ki, Mirzoyanın sülhün olması və Ermənistanın sülhə hazır olması ilə bağlı açıqlaması eskalasiyanı aradan qaldırır. Çünki adətən, bu cür toqquşmalar, eskalasiyalar razılaşmaların olmadığı və dalana dirəndiyi bir vəziyyətdə ortaya çıxır. Bunun ardınca Azərbaycan və Ermənistan rəsmilərinin görüşü baş tutarsa, eskalasiya riski tamam yoxa çıxır. İndiki vəziyyətdə Azərbaycan və Ermənistan müharibə istəmir.

 

Müsahib  parlament seçkilərindən də danışıb:

 

"2026-cı il parlament seçkilərinə Ermənistan çox ciddi şəkildə hazırlaşır və bununla bağlı Ermənistan ictimai rəyində ciddi savaş var. Bir tərəfdən müxalifət Paşinyanı xəyanətdə ittiham edirsə, digər tərəfdə Paşinyan ‘’real Ermənistan’’ qayəsindən danışır. Nikol Paşinyan əgər həqiqətən də, ‘’real Ermənistan’’ qayəsini ictimai rəyə həzm etdirə bilsə, bu, 2026-cı il parlament seçkilərinin nəticələrində Nikol Paşinyanın xeyrinə olacaq. Ancaq burada əsas məqamlardan biri də Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. 2020-ci ildə müharibədən məğlub çıxan Paşinyan hökuməti buna rəğmən, parlament seçkilərində qalib gəldi. 2021-ci ildə Paşinyan erməni xalqına sülh vəd etmişdi. Ona görə də 2026-cı il parlament seçkilərində ‘’olmazsa-olmazlar’’dan biri Azərbaycanla sülh məsələsidir. Seçkilərin taleyini həll edəcək əsas məqamlarda biri sülh müqaviləsinin imzalanması olacaq. Əks təqdirdə, Paşinyanın rəhbərlik etdiyi hökumətin gələcəyi qaranlıq görünür. 

Sərhədlərin müəyyənləşməsi, delimitasiya-demarkasiya məsələlərindən sonra növbəti addımların atılması, ən azından Qazaxın anklav olan 3 kəndinin qaytarılması mümkün olarsa, bu ciddi şəkildə eskalasiyanın qarşısını alacaq bir məsələdir. Sərhəd məsələsi hər iki dövlət üçün əsasdır. Bir tərəfdən sülh sazişi razılaşdırılırsa, başqa tərəfdən kommunikasiyaların açılması və Zəngəzur dəhlizi məsələsi ilə bağlı irəliləyiş əldə olunarsa, paralel olaraq, sərhəd məsələlərində də irəliyə doğru addımlar atılmalıdır. Belə olduğu təqdirdə, təbii ki, eskalasiyanın qarşısı alınacaq və üçüncü tərəflərin müdaxiləsinə yer qalmayacaq. Çünki Ermənistana müdaxilə etmək istəyən dövlətlər var. Təəssüf ki, bu dövlətlərdən biri də qonşu İrandır. İntensiv olaraq, Ermənistanla bağlı ‘’qırmızı xətt’’ ifadəsi xatırladılır və İran qoşunlarının Ermənistanda yerləşdirilməsi ilə bağlı təkliflər olunur. Bütün bunların qarşısını almaq üçün irəliləyişə ehtiyac var ki, Mirzoyan da son açıqlamasında bunları bildirir. Bunlar əgər əməli fəaliyyətdə yer tapacaqsa, iki dövlətin rəsmiləri arasında görüş olarsa, müharibə ehtimalı da minimuma enəcək. Çünki razılaşma olduğu təqdirdə, müharibəyə də ehtiyac yoxdur. Bunu heç bir dövlət istəmir".

 

Günel Verdiyeva