BDU Jurnalistika Fakültəsində İnformator.az-ın əməkdaşları sertifikatla təltif olundu

Tarix: 16:24 14.03.2025
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində İnformator.az-ın əməkdaşlarının saytda göstərdikləri fəaliyyətlərinə görə sertifikatla təltif etmə mərasimi keçirilib.
Tədbiri fakültənin dekan müavini Samir Xalidoğlu açılış nitqi ilə başlayıb. O, İnformator.az-ın fəaliyyətinin və BDU jurnalistika tələbələrinin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayaraq, saytın Təsisçisi və Baş redaktoru Aynur Nəsirovaya təşəkkürlərini bildirib.
Aynur Nəsirova, İnformator.az saytının yaradılmasının əsas məqsədinin Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələrinə geniş təcrübə imkanları yaratmaq, onların praktiki iş bacarıqlarını inkişaf etdirmək və eyni zamanda, tələbələrin imzalarını tanıtmalarına yardım etmək olduğunu qeyd edib.O, saytın fəaliyyətinin, tələbələrin jurnalistika sahəsindəki peşəkar inkişafına dəstək olduğunu və bu cür təşəbbüslərin gələcəkdə daha da genişlənəcəyini söyləyib.
Mərasimin davamında jurnalistika fakültəsinin dekan müavinləri Sevinc Əliyeva, Esmira Rövşənova, kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Xatirə Hüseynova və Zaur Babayev çıxış ediblər.Onlar da öz növbələrində tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.Fakültədə fəaliyyət göstərən 24media.az və Crossmedia.az-ın da tələbələrin inkişafına əhəmiyyətli töhfələr verdiyini, onları peşəkar fəaliyyətə hazırlamaqda önəmli rol oynadığını vurğulayıblar.
Həmçinin professor Qulu Məhərrəmli gələcəkdə saytın multimedia platformasının yaradılmasını da təklif edib.
Tədbir, sertifikatların təqdim edilməsindən sonra xatirə fotosu ilə başa çatıb.
Banuçiçək Kalbalıyeva