Gəncləşdirici prosedurlar və riskləri

Tarix: 17:09 16.04.2025
Zaman keçir, amma hər birimiz güzgüdə əvvəlki təravətimizi görmək istəyirik. Yaşlanmanı dayandırmaq mümkün olmasa da, onu gecikdirmək tibbin və texnologiyanın imkanları ilə mümkündür. Lakin gəncləşdirici prosedurlar arasında həm faydalı, həm də riskli olanlar var.
Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli “İnformator.az” a açıqlamasında bildirib ki, 25 yaşdan sonra dəridə kollagen miqdarı azaldığına görə dəridə qırışlar, incə xəttlərin əmələ gəlməsi başlayır:
Bu prosedurlar kimlər üçün uyğundur və nə vaxt başlamaq tövsiyə olunur?
“Gəncləşdirmə prosedurları versiya olaraq çoxdur. İlkin olaraq mütləq dəriyə baxış keçirilməlidir. Müayinə olunmalıdır. Bundan sonra pasiyentin dəri analizinin bizə verdiyi nəticələrə görə, pasiyentin yaşına, həyat şəraitinə, həyat tərzinə əsasən biz qərarlaşdırırıq ki, hansı prosedurlar ona olar, hansı prosedurlar olmaz. Ümumiyyətlə, belə deyim ki, məsləhətdir ki, artıq xanımlarımız 20-25 yaşa qədər gündəlik qulluq vasitələrini edirdilərsə, artıq 25 yaşdan sonra dəridə kollagen elastinitlərinin azalması getdiyinə görə, kollagen miqdarı azaldığına görə dəridə qırışlar, incə xəttlərin əmələ gəlməsi başlayır. Bir müddətdən sonra ,məsələn, 35-40 yaşdan sonra artıq dərinin qravitasiya nəticəsində sallanması müşahidə olunur. Bu halların qarşısını almaq üçün öncədən profilaktik olaraq başlamaq lazımdır”,- deyə dermatoloq əlavə edib.
Hazırda ən çox tətbiq olunan və effektiv gəncləşdirici prosedurlar hansılardır?
“Mən dermatoloq olaraq bu prosedurlar arasında ən önəmli, birinci yerdə botoksu deyərdim. Amma təbii ki, bunu həkim-dermatoloqun etdiyi botokslar, yəni original ixtiyar təsdiqini almış botokslardan söhbət gedir. Düzgün şəkildə vurulan botoksların heç bir ziyanı, əks təsiri olmur. Botokslar birbaşa olaraq qırışların qarşısını almaq üçündür. Zamanla, etab-etab edildikdə, artıq bir müddətdən sonra qırşıların qarşısını almaq mümkün olur. Qaldı ki, üz dərisinin, sırf dərinin keyfiyyətini yaxşılaşdırmaq üçün, burada yaş aralıqlarına görə prosedurlar fərqlənirlər. Məsələn, 20-25 yaş aralığında daha çox biz mezoterapiyalara üstünlük veririk. 25 yaşdan sonra bəzi biorevitalizasiyalar istifadə oluna bilər. Eyni zamanda yenə mezoterapiyalara üzgünlük verilir. Təbii ki, bunların tərkibləri, hər biri xəstəyə uyğun seçilir. Yenə də qeyd edirəm ki, bu prosedurları mütləq həkim-dermatoloqlar etməlidir. Çünki dərinin anatomiyasını dermatoloqlardan yaxşı heç kim bilə bilməz. Qaldı ki, bir az daha yuxarı yaş həddində, məsələn, 30-35 yaş, 35-40 yaş həddi xanımlar üçün burada artıq kollagen səviyyəsinin azalmasını nəzərə alaraq, həm 5.7 biorevitalizasiyalar, eyni zamanda kollagen stimulasiyası prosedurlarını da əlavə etmək məsləhətdir. Yəni bunlara üstünlük veririk. Çünki bu yaş həddində bu cür prosedurlar daha yaxşı nəticə verir. Əlavə olaraq, aparat prosedurlarının da nəticələri yaxşı olur. Məsələn, fraksiyonal lazer prosedurların, aparat prosedurlarının həm proflaktik olaraq dərinin cavanlaşması, gəncləşməsi, rəng tonunun bərabərləşməsi, həm də lifting effekti almaq üçün də istifadə etmək olar. Amma burada əsas vurğulamaq istədiyim odur ki, bu aparat prosedurlarını yaz-yay dönəmlərində etmək məsləhət deyil. Çünki əgər xəstələr düzgün şəkildə günəşdən qorunmazlarsa, hiperpigmentasiya qoya bilər. Ona görə də daha çox payız və qış dönəmlərində etdirmək məsləhətdir”,- deyə dermatoloq qeyd edib.
Hansı prosedurların riskləri daha çoxdur və niyə?
“Mən məsələn, burada xüsusilə dolğuların risklərini vurğulamaq istəyirəm. Artıq burada da yenə ən önəmlisi, ən çox hansı preparattan və kimin, yəni hansı mütəxəssisin etməsindən asılıdır. Düzgün yerə vurulmadıqda dolğuların ciddi fəsadları ola bilir. Düzgün preparat seçilmədikdə, ciddi fəsadlar verə bilir. Hətta nekroza qədər gedib çıxa biləcək ciddi fəsadlar olur. Ona görə də, xanımlar bu cür seçimlərdə mütləq şəkildə diqqət etməlidirlər, hansı preparattan və kimin yanında bu prosedurları etdirirlər”,- deyə dermatoloq vurğulayıb.
Səyyarə Mirzəyeva