“Yazılsın tarixə qızıl hərflərlə: 1945-ci ilin 9 May günü!”

Tarix: 10:11 09.05.2025
"Bizim mübarizəmiz son cinayətkar bütün xalqların məhkəməsi qarşısında mühakimə olunana qədər davam edəcək. Nasizmin və onun köklərinin tam şəkildə məhv edilməsi bizim şüarımızdır. Yeni sülh və azadlıq dünyası qurmaq bizim idealımızdır".
Bu, 1945-ci il aprelin 19-da həlak olanların anım mərasimində Buhenvald konsentrasiya düşərgəsinin sağ qalan məhbuslarının söylədiyi "Buhenvald andı"dır.
1945-ci il mayın 8-də dünya Hitler faşizmindən azad edildi. Qırmızı Ordunun Berlinə gəlişi faşizmə ölümcül zərbə vurdu. Mayın 8-dən 9-na keçən gecə faşist Almaniyasının qeyd-şərtsiz təslim olmasını imzalaması ilə onun ikinci imperialist parçalanma müharibəsində məğlubiyyəti təmin olundu. 8–9 May tarixə Faşizm üzərində Qələbə Günü kimi düşdü. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və eyni zamanda doğma Azərbaycan torpağını qoruyublar.
Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib.
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşan 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb.
Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyib:
“Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olub".
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirib. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları yalnız dayandırılmadı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
Fatimə Şahverdiyeva