Diş sağlamlığını qorumaq üçün əsasən nələrə diqqət etmək vacibdir?

Tarix: 18:27 25.04.2025
Diş sağlamlığı ümumi sağlamlığın ayrılmaz hissəsidir. Gündəlik ağız gigiyenasına riayət etmək, düzgün qidalanmaq və mütəmadi olaraq stomatoloq müayinəsindən keçmək sağlam dişlərə sahib olmağın əsas şərtləridir.
Mövzu ilə bağlı stomatoloq Zaur Zakiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, diş sağlamlığını qorumaq üçün düzgün gigiyena qaydalarına riayət etmək lazımdır:
“Dişdə hər hansı bir problem olmasa belə, 6 aydan bir həkim müayinəsində olunmalıdır. Kalsium və fosforla zəngin qidalar dişləri gücləndirir. Diş fırçalayanda sərt fırçadan istifadə etmək olmaz. Yumşaq tüklü (soft) fırçadan istifadə etmək tövsiyə olunur, çünki sərt tüklər dişlərin və diş ətlərinin səthini zədələyə bilər. Fırça diş ətinə nisbətən 45 dərəcə bucaq altında tutulmalı və hərəkətlər qısa və dairəvi olmalıdır, dişlərin hər bir səthinə - xarici, daxili və çeynəmə səthinə diqqət yetirməlidir”.
Əminə Əliyeva