Azərbaycan Macar-Türk Sammitində təmsil olunub

Tarix: 10:19 30.04.2025
Aprelin 28-29-da elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstanın Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib.
''İnformator.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko açılış nitqi ilə çıxış edib. Nazir Macarıstanın ali təhsil sistemi haqqında məlumat verib və macar universitetləri ilə potensial əməkdaşlıq məsələlərinə toxunub.
Sammit çərçivəsində İ.İsayev təhsilə həsr edilmiş "Regional əməkdaşlığın gücü – Türk Dövlətləri və Macarıstan arasında sıx əməkdaşlıq" adlı paneldə çıxış edib.
Çıxışı zamanı nazir müavini Azərbaycan ilə Macarıstan və Türk Dövlətləri Təşkilatı ilə elm və təhsil sahəsində mövcud olan cari əməkdaşlıq haqqında məlumat verib və gələcək inkişaf perspektivlərinə dair təkliflər səsləndirib.
İ. İsayev həmçinin Azərbaycanın elm sahəsində strateji tərəfdaşlığa böyük önəm verdiyini və digər türk dövlətləri və Macarıstanla birlikdə bu sahələrdə birgə proqramların, tədqiqat qruplarının və informasiya mübadiləsi sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda “Türk Dövlətləri və Macarıstan arasında ali təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair” bəyannamə imzalanıb.