Atəşkəs reallaşarsa, dünya birliyi bir qədər rahat nəfəs ala bilər"-Politoloq

Tarix: 20:57 05.05.2025
Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümündə mayın 7-dən 11-nə qədər atəşkəs elan edib. Rusiya ilkin şərtsiz sülh danışıqlarına hazır olduğunu bildirib və atəşkəs pozularsa cavab veriləcəyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az" a açıqlamasında bildirib ki, atəşkəsin dünyaya təsiri ancaq müsbət ola bilər:
"Çünki bu, ən arzuolunan dönüşdür və uzun müddət davam edən bu müharibə, hərbi kampaniya təkcə Ukrayna və Rusiya xalqlarını deyil, həm də dünya birliyini ağır duruma salır. Bu, həm mənəvi, psixoloji, həm də fiziki yükdür. Ona görə də bu atəşkəs reallaşarsa, mənə elə gəlir ki, dünya birliyi bir qədər rahat nəfəs ala bilər. Həmçinin dünya nizamının sabitləşdirici mexanizmlərinin təsirli olduğunu anlayar. Ən gərgin və qaynar nöqtələrdə belə bu cür mexanizmlərin işləməsinə böyük ehtiyac var. Amma mən bu ehtimalı aşağı səviyyədə qiymətləndirirəm. Çünki bu atəşkəs təklifi İkinci Dünya Müharibəsində qazanılmış qələbənin 80 illiyi münasibətilə irəli sürülüb. Bəllidir ki, əsas tədbir Moskva Qızıl Meydanında keçiriləcək. Burada hərbi parad təşkil olunacaq, onlarla ölkənin birinci şəxsləri tədbirə dəvət olunublar və artıq bu dəvəti qəbul ediblər. Əlbəttə ki, bu, dünya tarixi üçün də mühüm hadisədir. Çünki indiyə qədər tarixin ən qanlı, ən dağıdıcı və ən dəhşətli müharibəsi məhz 80 il əvvəl başa çatıb. Düzdür, müharibələr bitdikdən sonra insanlar bir qədər yumşalır, aqressiyalarını dəf edirlər. Sonradan anlayırlar ki, o müharibələr baş verməyə də bilərdi. Lakin buna baxmayaraq, zaman keçdikcə yenidən görürük ki, bəzi ölkələr öz maraqlarını fiziki güc və təzyiq yolu ilə təmin etmək məqsədilə silahlanmaya üstünlük verirlər. Bu isə çox təhlükəli tendensiyadır. Dünya tarixində saysız-hesabsız müharibələr olub və bu müharibələr həmişə insanlarda, xüsusən də sağ qalanlarda dərin məyusluq yaradıb. Bu səbəbdən də mən atəşkəsin uzunmüddətli olacağına inanmıram. Birincisi, ona görə ki, Rusiya hərbi komandanlığının qarşıya qoyduğu bütün məqsədlərə tam nail ola bilməyib. Digər tərəfdən, Rusiya hələ də Ukraynanın denasifikasiyası, yəni nasizmdən və faşizmdən xilas edilməsi məsələsini gündəmdə saxlayır. Eyni zamanda, ölkə daxilində yaşayan vətəndaşların təhlükəsizliyinin qorunmasını da vacib hesab edir. Bundan əlavə, üçüncü tərəflərin təsiri də nəzərəçarpacaq dərəcədədir".
O, həmçinin qeyd edib ki, indi Rusiya özü də bu problemin ağrısını yaşayır:
"Halbuki Rusiya bu əməliyyatı "xüsusi hərbi əməliyyat" adlandırır. Səbəb kimi rusdilli əhalinin Ukrayna millətçiləri və radikalları tərəfindən incidilməsini, döyülməsini, təhqir edilməsini göstərir və bu əhalinin müdafiəsinə qalxdığını bildirir. Digər tərəfdən, NATO-nun siyasəti də açıq şəkildə görünür. NATO Rusiyanın sərhədlərinə yaxınlaşmaq məqsədindən əl çəkmir və bu planı daim gündəmdə saxlayır. Bu səbəbdən də inanmıram ki, bu atəşkəs uzunmüddətli olsun. Xeyr, belə olmayacaq. Proseslərin inkişafı da göstərir ki, 9 May tədbirlərindən sonra müharibənin yeni, daha qaynar fazası başlaya bilər. Rusiya komandanlığı buna hazırlaşır. Qərb dövlətləri — buraya Donald Trampı hələ əlavə etmirik — öz tərəflərindən Ukraynanı silah və sursatla təmin etmək üçün hazırlıqlar aparırlar. Məqsəd Ukraynanın hücum və əks-hücum əməliyyatlarını dəstəkləməkdir. Donald Tramp isə çalışacaq ki, Ukraynanı bir qədər soyuq duş effekti ilə qarşılasın və ona bildirsin ki, ABŞ əvvəlki kimi birmənalı şəkildə Ukraynanı dəstəkləməyəcək. Bəlkə də bu, Ukrayna rəhbərliyini sülh danışıqlarına meylləndirə bilər. Çünki Zelenski daha çox Avropa ölkələrinin çağırışlarına reaksiya verir və indi onun Donald Trampa diqqəti azalıb. Bu isə, mən deyərdim, yaxşı hal deyil. Çünki sonsuz müharibələrin nəticələri bəllidir. Mən elə düşünürəm ki, 9 May tədbirlərindən sonra müharibənin yeni bir mərhələsinin şahidi olacağıq və bu, heç də yaxşı perspektiv vəd etmir".
Ayşən Səlimova