İran və ABŞ arasında danışıqların dördüncü turu Omanda keçiriləcək

Tarix: 19:23 06.05.2025
İran və ABŞ arasında danışıqların dördüncü turu 11 may tarixində Oman Sultanlığının paytaxtı Məsqatda keçiriləcəyi bildirilib.
İranın “Nour News” xəbər agentliyi, adının açıqlanmasını istəməyən bir rəsmi şəxsə istinadən, İran ilə ABŞ arasında danışıqların dördüncü turunun bazar günü Məsqatda baş tutacağını açıqlayıb. İki ölkə arasında aparılan nüvə danışıqlarının ikisi Məsqatda, biri isə İtaliyanın paytaxtı Romada keçirilib. Tərəflər görüşmələrdən sonra verdikləri açıqlamalarda danışıqların müsbət atmosferdə keçdiyini qeyd ediblər.
2018-ci ildə ölkəsini birtərəfli şəkildə nüvə sazişindən çıxaran ABŞ Prezidenti Donald Tramp, mart ayında İran lideri Ayətullah Əli Xameneiyə həm birbaşa nüvə danışıqlarına çağırış edən, həm də hədə-qorxu ehtiva edən məktub göndərib. Tehran ilə Vaşinqton arasında məktub diplomatiyasından sonra ilk dolayısı danışıqlar 12 aprel tarixində Omanda, daha sonra isə bir həftə fasilə ilə Roma və yenidən Omanda keçirilib.
Dördüncü tur danışıqlarının 3 may tarixində Romada keçiriləcəyi açıqlandı. Lakin danışıqlara vasitəçilik edən Oman xarici işlər naziri Bədr bin Haməd əl-Büsaidinin “X” sosial media platformasında verdiyi açıqlamada, müzakirələrin logistika səbəblərinə görə təxirə salındığı bildirilib.
Mənbə: TRT HABER
Nuray Əliyeva