Aİ Rusiyanın aktiv gəlirlərindən Ukraynaya yardım köçürüb

Tarix: 21:12 09.05.2025
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdən növbəti tranş olaraq Ukraynaya 1 milyard avro köçürüb.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya buna qarşı koalisyon addım ata bilər:
“Bu cür addımın atılması, məncə, yeni bir presedent yaradır. Belə olan halda istər-istəməz növbəti münaqişələrdə də bu cür davrana bilərlər. Əslində, Avropa İttifaqı neytral mövqe tutmur. Əksinə, Rusiyanın yox, Ukraynanın yanında olduğunu açıq şəkildə bəyan edir. Ona görə də Avropa İttifaqının bu addımı neytrallıq prinsipindən irəli gəlmir. Avropa İttifaqı elan etməyib ki, mən neytral mövqedəyəm. Əksinə, elan edib ki, mən Rusiyanın işğalına qarşı Ukraynanın tərəfində yer alıram.
Mən düşünürəm ki, Rusiyanın bu cür maliyyə transferlərinə qarşı ən sərt reaksiyası Avropa İttifaqı ilə ticarət əlaqələrini zəiflətmək ola bilər. Rusiya hələ də Avropaya az miqdarda olsa da, qaz satır. Onu tamamilə dayandıra bilməsi ehtimalı var. Bəzi məhsullar var ki, üçüncü ölkələr vasitəsilə Avropaya satılır. Onu da dayandıra bilər. Düşünürəm ki, buna qarşı koalisyon addım ata bilər. Məsələn, Çinlə daha yaxın mövqe tutub, Avropaya satdığı məhsulları Çinə sata bilər. Avropa bazarını Çin bazarı ilə əvəz edə bilər. Amma mən düşünmürəm ki, bu addım nə Rusiyaya, nə də Avropa İttifaqına fayda verəcək. Hər iki tərəf bu vəziyyətdə itirəcək. Bu isə hər iki tərəf üçün mənfi nəticələr doğurur. Düşünürəm ki, belə addımlar daha da sərtləşdikcə, münasibətlər daha çox pozulacaq".
Səyyarə Mirzəyeva