Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti

Bölmə: MEDİA › ,
Tarix: 16:04 14.05.2025

Mayın 14-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş "Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Jurnalistika fakültəsinin müəllim heyəti, tələbələri və Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör iştirak etdi. Tədbir elmi fikir mübadiləsi və jurnalistika sahəsində yeni çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edirdi.

Tədbirin sədri Aygün Əzimova iştirakçıları salamlayaraq konfransın məqsədi, əhəmiyyəti və proqramı haqqında ətraflı məlumat verdi. O, həmçinin Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yoluna qısa nəzər salaraq, rəqəmsallaşma dövründə medianın qarşısında duran çağırışlara toxundu və konfransın bu baxımdan aktual mövzuya həsr olunduğunu bildirdi. Ardınca çıxışlara start verildi.

Elmi məruzələrdə Azərbaycanın mətbuat tarixində mühüm yer tutan şəxsiyyətlər, ideyalar və dövrlər əhatə olundu.
Həsən bəy Zərdabinin ilk mətbu yazısı haqqında professor Qulu Məhərrəmli geniş məlumat verdi. O, Zərdabinin jurnalistikanın əsaslarını qoymaqla yanaşı, milli oyanış və maarifçilik hərəkatında oynadığı rolu xüsusi vurğuladı.

Altmışıncıların nəsr yaradıcılığında gerçəkliyin bədii əksi haqqında professor Cahangir Məmmədli çıxış etdi. O, 60-cı illər ədəbiyyatında sosial realizm və fərdi dünyagörüşün bədii təcəssümünü təhlil etdi.

"Molla Nəsrəddin" ədəbi məktəbində azərbaycançılıq məsələsi haqqında professor Allahverdi Məmmədli danışaraq, bu satirik dərginin milli şüurun formalaşmasındakı əhəmiyyətini qeyd etdi.

Mühacirətinin ilk illərində Əhməd bəy Ağaoğlunun Türkiyə mətbuatındakı yazıları ("Soruş" və "Sirat-i müstəqim" qəzetləri) haqqında Mahir Qəribov çıxış edərək Ağaoğlunun Türkiyə ictimai fikir tarixindəki rolunu və ideoloji görüşlərini təhlil etdi.

M.Ə.Rəsulzadə "İqbal" qəzetinin əsas müəlliflərindən biri kimi mövzusunda Afaq Rəfiyeva təqdimatla çıxış etdi. O, Rəsulzadənin mətbuatdakı fəaliyyətini və milli ideologiyanın yayılmasında qəzetin rolunu izah etdi.

Almaniya ötən əsrin 30–40-cı illərində azərbaycanlı jurnalist və mühacirlərin fəaliyyəti haqqında Elvin Cəfərov danışdı.
Azərbaycanda qadın mətbuatı – "İşıq" qəzeti ilk qadın nəşri kimi mövzusunda Südabə Məmmədova qadınların mətbuatda təmsilçiliyinin tarixi və "İşıq" qəzetinin rolu barədə çıxış etdi.

Konfransda iştirak edən tədqiqatçılar və tələbələr üçün bu məruzələr həm nəzəri bilik, həm də tarixi kontekst baxımından əhəmiyyətli oldu. Tədbir iştirakçıları arasında canlı diskussiyalar və sual-cavab sessiyaları keçirildi.

Qeyd edək ki, konfrans 14–16 may tarixlərinə qədər davam edəcək.

Banuçiçək Kalbalıyeva