Tramp: Çinlə razılaşmalar ABŞ biznesinə yeni imkanlar açaca

Bölmə: Siyasət › ,
Tarix: 23:34 14.05.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Pekin arasında İsveçrədə keçirilən danışıqlar nəticəsində əldə olunan iqtisadi razılaşmalar Amerika şirkətlərinin Çin bazarına çıxışını asanlaşdıra bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ABŞ hər zaman iqtisadi maraqlarını ön planda saxlayır və bu maraqların təmin olunması ölkənin siyasi kursuna da birbaşa təsir göstərir:

 

“Trampın başladığı gömrük tarifləri mübahisəsi dünyada gərginlik yaradıb. Bu, həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə qeyri-sabit proseslərə səbəb olub. Tramp düşünür ki, Amerikanı yenidən güclü etmək üçün digər ölkələrə iqtisadi təzyiqlər göstərilməlidir. Lakin bu, əks reaksiyalar doğurur. Bəzi dövlətlər ABŞ mallarını boykot edir, ticarətə süni maneələr yaradır. Bu səbəbdən Tramp indi daha ehtiyatlı və yumşaq yanaşma sərgiləyir”.

 

Politoloqun sözlərinə görə, Çin tərəfi danışıqların davam etməsini və qarşılıqlı faydalı razılaşmaların əldə olunmasını istəyir:

 

“Bazar iqtisadiyyatında siyasi müdaxilələr əksər hallarda mənfi nəticələr verir və Tramp bunu anlayacaq təcrübəyə malikdir. Böyük dövlətlərin öz iqtisadi gücündən istifadə edərək zəif ölkələrə təzyiq göstərməsi beynəlxalq ticarət sistemində narazılıq yaradır. Dempinq, süni ixrac qadağaları, uydurma virus bəhanələri ilə ticarətin məhdudlaşdırılması kimi hallar bazar şəffaflığını pozur. Dünya ölkələri şəffaf və ədalətli iqtisadi sistemin tərəfdarıdır. ABŞ-nin yüksək texnologiyalarla istehsal olunan məhsulları Çin bazarında ciddi tələbatla qarşılanır. Onun fikrincə, bu istiqamətdə atılan razılaşdırılmış addımlar hər iki ölkənin iqtisadi maraqlarına xidmət edə bilər”.

 

Səmayə Səftərova