Jurnalistika və publisistikanın fərqi
Bölmə: MEDİA › ,Tarix: 11:02 06.02.2016
Biri-birinə yaxın, həm də uzaq iki sahə: jurnalistika və publisistika.
İnformator.az ATV.az-a istinadən xəbər verir ki, ölkədə, əsasən, bunlara eyni sahə kimi baxıldığı və bəzən bunun üzündən yaradıcılıq problemlərinin yaşandığı danılmazdır. Bir mövzunu daha çox subyektiv fikirlərlə ifadə edən publisistikanı heç bir subyektivliyə yol vermədən mövzunu birbaşa, olduğu kimi çatdıran jurnalistika ilə fərqinə peşəkarların gözü ilə baxıb “müxtəlif mənaları olan jurnalistika ilə publisistika nədir?” deyə soruşduq. Görək, onlar bu fərqi necə izah edirlər?
Qulu Məhərrəmli, professor
Çoxu bu anlayışı bərabərləşdirir. Təbii ki, bunlar arasında qovuşan məqamlar olduğu kimi ciddi fərqlər də var. Birinci olaraq jurnalistikanın fəlsəfəsinin nəyi ifadə etdiyindən başlayaq. O birinci növbədə cəmiyyəti informasiya ilə təmin edir. Günlə bağlı aktual, cəmiyyətdə baş verən hadisələri gündəlik, hətta indiki texnoloji şəraitdə saatbasaat çatdırmaq jurnalistikanın birbaşa vəzifəsidir. Yəni, biz jurnalistikanı xarakterizə eləmiş olsaq, onun əsas işi xəbərləməkdən ibarət olar. İkinci olaraq, o həmin xəbərlərlə bağlı auditoriyaya təhlillər verir, analiz edir, baş verən hadisələrin səbəb və nəticələrini ortaya çıxarır. Üçüncü isə o məlumatların cəmiyyət üçün nə qədər faydalı, ziyanlı olmasını təyin edir. Bu mənada jurnalistika publisistika ilə qovuşur. Publisistikanın əsas işi günün aktual mövzularını izah, şərh etmək. Amma burada xəbər çaları yoxdur. Şərti anlayış kimi biz mətbuat materiallarına publisistika deyə bilirik, amma elmi baxımdan publisistika baş verən hadisəyə, hər hansısa bir aktual, insanları düşündürən mövzuya kiminsə, daha çox yazıçıların, jurnalistlərin, söz insanlarının subyektiv münasibətidir. Məsələn, buna ən parlaq nümunə olaraq esseləri göstərmək olar. Kant da esse yazır, orta məktəbi bitirmiş biri də esse yazır. Yəni, publisistika daha çox subyektivliyi, jurnalistika isə sənədliliyi özündə əks etdirir, həqiqəti deyir. Publisistikada həqiqət olmaya bilər. O fərdidir, mənim, sənin, qeyrilərinindir. Jurnalistikada, xəbərləmədə isə fərdi münasibət yoxdur. Mən jurnalistikanın verdiyi məlumat nəticəsində öz həyatım, davranışım üçün qərar çıxara bilirəm, əgər o obyektivdirsə. Amma publisistikada hər hansı bir yazını oxuyub bu haqda mübahisə edə bilərəm. Çünki o hissə, duyğuya, təəssürata əsaslanır. Ona görə də biz jurnalistika ilə publisistika arasında “Çin səddi” çəkmədən onların fərqi haqqında bu cür danışmalıyıq.
Nəsir Əhmədli, professor
Jurnalistika həm peşə, həm də elmdir. Jurnalistlər praktik olaraq kütləvi informasiya vasitələrində çalışan, onları idarə edən, cari və gələcək problemlərini müəyyənləşdirib aradan qaldırmağı bacaran yaradıcı şəxslərdir. Jurnalistika elmi isə KİV-in tarixini, təcrübəsini öyrənib nəzəri müddəalar irəli sürən, medianın hər bir dövrə aid funksiyalarını müəyyənləşdirən, bu funksiyaların uğurla gerçəkləşdirilməsi üçün tövsiyələr hazırlayan zehni fəaliyyət sahəsidir. Praktik jurnalistlər hazırlanmış nəzəriyyələri bilməli və gündəlik işlərində tətbiq etməyi bacarmalıdırlar. “Jurnalist” sözü latın dilindəki “diur” (“gün”) sözündən əmələ gəlib. Bu söz fransız dilinə keçdikdən sonra eyni mənanı bildirən “jur” formasını alıb və -nal şəkilçisi ilə birləşərək jurnal (gündəlik) kəlməsini meydana gətirib. Avropa dillərində -ist dilimizin -çı4 şəkilçisinə uyğun gələn leksik şəkilçidir. Beləliklə, jur “gün”, jurnal “gündəlik”, jurnalist gündəlik hadisələr haqqında məlumatı müxtəlif kütləvi kanallarla (mətbuat, radio, televiziya, internet) cəmiyyətə çatdıran şəxs deməkdir. “Publisistika” sözü də latın dilindən götürülüb, “kütlə üçün hazırlanmış sənədli əsərlər toplusu” anlamındadır. Publisist həmin əsərləri yazan şəxsdir. Normal analitik düşüncə tərzi olan və düşündüklərini sözə çevirməyi bacaran hər bir kəs publisist ola bilər. Jurnalistika ilə publisistikanın ortaq nöqtəsi bundan ibarətdir ki, birinci (media) ikincinin (publisistik əsərlərin) yayıcısı, kütləyə çatdırıcısı kimi çıxış edir. Jurnalistin publisist, publisistin jurnalist olması vacib deyil, lakin bu iki keyfiyyətin eyni şəxsdə cəmləşməsi ideal variantdır.
Vüqar Zifəroğlu, dosent
Jurnalistikada əsas meyar informasiya ilə cəmiyyət arasında ötürücü, körpü rolunu oynamaqdır. Sadəcə, bir sıra hallarda jurnalistlər cəmiyyətdə baş verən olayları daha tutarlı, rəngarəng, təsirli formada insanlara çatdırmaq üçün publisistik janrlardan da istifadə edirlər. Məsələn, pamflet, felyeton, oçerk kimi. Amma jurnalistika həm də informasiya-yəni, informativ, həm də təhlil, icmal, yəni analitik janrdır. Bir sözlə, yalnız publisistika ilə jurnalistika olmur, o jurnalistikanın bir alətidir.