Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb

Tarix: 17:20 02.06.2025
Bir sıra idman telekanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") Azərbaycanda yayım hüququ yoxdur.
"İnformator.az" xəbər verir ki, bu barədə Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayarkən bildirib.
Bildirilib ki, Şuraya multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən adları çəkilən telekanalların çıxarılması ilə bağlı müraciətlər daxil olur:
"Həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınmış və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "МАТЧ ТВ" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycanda operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir".
Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb etmiş və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.